Bu gün Dövlət Turizm Agentliyi tərəfindən turizm infrastrukturunun yaxşılaşdırılması məqsədilə yenidənqurma və bərpa işlərinin aparıldığı “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğuna mediatur təşkil olunub.
Teleqraf.com xəbər verir ki, media nümayəndələrinə Şeyx Məhəmməd məscidinin içərisində, 8 tarixi məhəllənin birləşdiyi Bazar meydanında, Qalabaşı ərazisində aparılan fundamental arxeoloji tədqiqatlar nəticəsində aşkara çıxarılan tarixi tapıntılar, eləcə də qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı barədə məlumat verilib.
Bildirilib ki, Basqal hamamı maddi-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb, Bazar meydanında Hamam Muzeyi olaraq əsaslı şəkildə bərpa edilib.
Etnoqrafik və elmi-tarixi araşdırmalar nəticəsində Basqalın tarixi dərindən tədqiq edilib və qoruğun elmi-inventar fondu hazırlanıb. Burada əski əlifba ilə yazılmış dini, elmi və sosial həyatla bağlı minlərlə qiymətli əlyazma mətni aşkar edilərək qoruğun muzey fonduna təhvil verilib.
Qeyd olunub ki, Basqalda yaşayan əhalinin son iki yüz il ərzində məşğuliyyəti, sənətkarlıq nümunələrinin tarixi təkamülü üzə çıxarılıb, elmi-publisistika və mədəni turizm sahələrində istifadə ediləcək çoxsaylı tarixi materiallar əldə olunub.
Xatırladaq ki, avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Diri Baba” türbəsi və “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna səfər edərək burada aparılan yenidənqurma və bərpa işləri ilə yaxından tanış olublar.