İkinci Qarabağ Müharibəsində iştirak eləmiş Şamaxı rayonunun Göylər kənd sakini, 1993-cü il təvəllüdlü İbrahimov Eşqin Əzim oğlu veteranlıq sənədini ala bilmir.
Bu barədə Teleqraf.com-a o özü məlumat verib.
Eşqin İbrahimovun sözlərinə görə, Vətən müharibəsində könüllü olaraq iştirak edib, medallarla da təltif olunub, amma bunun nəticəyə heç bir təsiri yoxdur: “2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başlayanda bir çoxu kimi könüllü orduya yazıldım. Oktyabrın 22-də cəbhəyə yola düşdüm. Ağcabədi rayonunda bir həftə qaldıqdan sonra bizi Füzuli rayonuna göndərdilər. Bundan sonra Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişəm, N saylı hərbi hissənin snayper taqımında yer almışam.
Döyüşlər bitəndən sonra Füzulinin, Cəbrayılın və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunmuşam. Bildiyim qədəri ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilənlər kateqoriyasında da varam.
Məlum olduğu kimi, ölkə başçısının Sərəncamı ilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilib və aylıq 80 manat məbləğində pul verilir. Bir müddət sonra açıqlandı ki, bu sərəncam bizə də şamil olunur və aylıq 80 manat pul veriləcək. Maraqlandım ki, birlikdə hərbi hissədə xidmət etdiyim 26 nəfərin hamısına veteranlıq verilsə də, bir mənə verilməyib. Hərbi hissəyə zəng vurub səbəbi ilə maraqlananda bildirdilər ki, PİN kodumu səhv göndəriblər. Sonralar da müraciət etdim, baxdım ki, “düzəldəcəyik” deyib yola verirlər”.
Keçmiş hərbçi deyir ki, məsələ ilə bağlı Müdafiə Nazirliyinin qəbul şöbəsində də olub: “Qəbul şöbəsində mənə ərizə yazdırdılar. Şöbədə olan nazirlik əməkdaşından veteranlıq sənədinin verilməmə səbəbini soruşdum. O da zəng vurub maraqlandı ki, guya PİN kodum və adım səhv gedib. PİN kod deyəndə də şəxsiyyət vəsiqəsinin kodunu nəzərdə tuturlar. Dəqiq bilmirəm ki, veteranlıq həqiqətən PİN koda görəmi verilmir, yoxsa adımı siyahıdan təmiz çıxarıblar. Ola bilər ki, heç adımı siyahıya salmayıblar, yalandan “PİN kodunuzu səhv göndərmişik” deyirlər. Arxivi açıb baxa bilərlər, üç medalım var, bunu evdə oturanda kimsə gətirib verməyib axı... Həmlənin snayper taqımında 26 nəfər hərbiçi veteranlıq alır, bir mən qalmışam. Hərbi biletdə hər şey yazılıb, indi heç kim yalana danışa bilməz, amma bu işə baxılmır”.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin əməkdaşlar Eşqin İbrahimovla əlaqə saxlayıb məsələni dəqiqləşdirəcəklərini bildirdilər.
Nəticə barədə məluma almaq istəsək də, Müdafiə Nazirliyi ilə əlaqə yaratmaq mümkün olmadı.