“Bakutel 2014” sərgi-konfransı çərçivəsində ”Femmes Digitales” - Azərbaycan qadınları İKT-də” klubunun rəsmi açılışı olub.
Teleqraf.com xəbər verir ki, tədbiri Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron idarəçiliyin inkişafı şöbəsinin müdiri Elnur Aslanlı açıq elan edib və bu cür klubun yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib.
"Femmes Digitales" klubunun yaradıcısı, “B.EST Solutions” şirkətinin rəhbəri Yana Krimpe tədbirdə çıxış edərək bildirib ki, Estoniyadan olduğuna baxmayaraq, artıq 10 ildir ki, Azərbaycanda yaşayır və bu ölkədə qadına olan xüsusi münasibəti heç bir ölkədə müşahidə etməyib: “Azərbaycanda qadına ənənəvi şəkildə formalaşmış münasibət var, qadın bu ölkədə müqəddəs bir varlıqdır və onu bir əmanət kimi qoruyurlar. Bizim klubun yaradılmasında məqsəd isə Azərbaycanın İKT sektorunda nə qədər layiqli qadınların işlədiyini və onların necə uğurlu fəaliyyət göstərdiyini nümayiş etməkdir”.
Klubun açılışında çıxış edən “Microsoft” şirkətinin marketinq-meneceri və yaradıcılarından biri Səbinə Pərvizi qızların İKT-də təhsil almasının vacibliyini qeyd edərək bildirib ki, qızların İKT sahəsi üzrə təhsil almalarının 10% artması ÜDM-nin 3% artımına səbəb ola bilər.
Tədbirdə həmçinin Estoniyanın keçmiş xarici işlər naziri Kristina Oyuland və Avropa İttifaqının Azərbaycanda nümayəndəliyinin rəhbəri Malena Mard çıxış edərək öz fikirləri və təcrübələrini bölüşüblər.
İLHAMƏ