22 Avqust 2022 15:50
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnzibati vəzifələrin B növünə aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul olmaq üçün avqustun 21-də keçirilən test imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək.

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 21 avqust 2022‑ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirilib.

İmtahan nəticələri bu gün saat 14:23-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2082 namizəddən 42 nəfər imtahana gəlməyib.

İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 7 nəfər, BA2 altqrupu üzrə 10 nəfər, BA3 altqrupu üzrə 40 nəfər, BA4 altqrupu üzrə 81 nəfər, BB1 altqrupu üzrə 57 nəfər, BB2 altqrupu üzrə 79 nəfər, BB3 altqrupu üzrə 128 nəfər, BB4 altqrupu üzrə 210 nəfər olmaqla, ümumilikdə 612 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün avqustun 23-dən sentyabrın 2-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir - ali təhsil haqqında sənədin surəti; əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 23-25 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər