Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn Abşeronlu igidlərimizin ailələrinin və qazilərimizin diqqət mərkəzində saxlanılması, qarşılaşdıqları problemlərin aradan qaldırılması, müalicəsinin və istirahətlərinin təşkil olunması istiqamətində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən layihələr davam etdirilir. Abşeron RİH-nin və Naftalan ŞİH-nin birgə təşəbbüsünün davamı olaraq abşeronlu şəhid ailələrindən və qazilərimizdən ibarət növbəti 15 ailə (13 şəhid ailəsi, 2 qazi) istirahət və reabilitasiya üçün Naftalan şəhərinə yola salınıb. Yola salma zamanı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri və qazilərlə görüşüb. RİH başçısı bildirib ki, Abşeronlu şəhid ailələrinin və qazilərin ölkəmizin səfalı yerlərində istirahəti təşkil olunması artrıq ənənə hal alıb və bu layihə bundan sonra da davam etdiriləcək.
Teleqraf.com xəbər verir ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə şəhidlərimizin xatirəsi daima əziz tutulacaq və onların adlarının yaşadılması, əbədiləşdirilməsi istiqamətində addımlar atılır və bundan sonra da lazimi işlər görüləcəkdir. Hazırda işğaldan azad olunan dədə-baba yurdlarımızda böyük və surətli yenidənqurma, abadlıq-quruculuq işlərinin həyata keçirildiyi, şəhərlərimizin, kəndlərimizin yenidən qurulduğunu qeyd edilib.
Tədbirdən sonra xatirə şəkili çəkilib və şəhid ailələri və qazilər yola salınıb.
***
Naftalan şəhərindən olan bir qrup şəhid ailəsi və qazi istirahət və reabilitasiya keçmək məqsədi ilə Abşeron rayonuna gəliblər. Abşeron RİH-nin və Naftalan ŞİH-nin birgə təşəbbüsü ilə çərçivəsində gələn qonaqlar II Fəxri Xiyabanı və Xırdalan şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, vətənimizin bütövlüyü uğrundan canlarından keçən igid oğlanlarımızın ruhlarına dualar oxuyub, xatirələrini ehtiramla yad ediblər.
Daha sonra Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeronlu və Naftalanlı şəhid ailələrinin görüşü keçirilib. Görüşdə Abşeron RİH başçısı Abdin Fərzəliyev, Naftalan ŞİH-nin əməkdaşı Afət Mustafayeva, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, şəhid ailələri və qazilər iştirak edib. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək cəmiyyətimizdə şəhid ailələrinə və qazilərə böyük hörmətin, məhəbbətin bəslənildiyini, onlara dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini qeyd edib. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” ətrafında birləşən və xalqımızın qələbə qazanmasında canından keçən şəhidlərimizin adlarının abədiləşdirilməsi istiqamətində müxtəlif layihələr icra olunur. Şəhid ailələrinin qarşılıqlı əlaqələrinin qurulmasının, onların bir-birini tanımasının müsbət addım olduğu qeyd edilərək qarşılıqlı səfərlərin bundan sonra da təşkil olunacağı vurğulanıb.
Daha sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Naftalan ŞİH-nin əməkdaşı Afət Mustafayeva, din xadimi Hacı Rasim Xudaverdiyev, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, qazi Vasif Allahverdiyev, şəhid İlqar Vəliyevin oğlu Vəli Vəlizadə, şəhid Bəhruz Quliyevin anası Mötəbər Quliyeva çıxış edərək ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından, şəhid ailələrinin istirahəti və reabilitasiyası üçün həyata keçirilən layihənin əhəmiyyətindən danışıb, bundan sonra da daima “Dəmir yumruq” ətrafında birləşərək vətənimizin gələcəyi, inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıblar.
Şəhid ailələri və qazilər onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edib və buna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Daha sonra tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə vətənə, qələbəyə həsr olunmuş konsert proqramı təqdim olunub.
Sonda abşeronlu şəhid ailələri adından Naftalan şəhərindən gələn şəhid ailələrinə və qazilərə hədiyyələr təqdim olunub.
Növbəti gün qonaqlar Abşeron rayonunun Məmmədli kəndinin ərazisində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olub, burada yaradılan şəraitlə tanış olublar, həmçinin qazilər üçün qoruğun ərazisində skuter səyahəti təşkil edilib.