25 Avqust 2022 10:10
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb.

Dövlət İmtahan Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, namizədlər müsabiqədə iştirak etmək üçün 25 avqustdan 30 avqust saat 23:59‑dək eservices.dim.gov.az/erizerez/ixtisas1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Nəzərinizə çatdırırıq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Bu nömrədə, həmçinin rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2021-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları təqdim olunub. Jurnalı aşağıdakı ünvanda yerləşən “Abituriyent” satış köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər