"İllərdir həsrətində olduğumuz doğma Laçınımızda əbədi olaraq yaşamaq bizim borcumuzdur. Vahid komandanlıq altında, ordumuzun gücü, qüdrəti sayəsində, şəhidlərimizin qanı bahasına torpaqlarımızı işğaldan azad etmək bizə qismət oldu. Torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmaq şərəfli ölümdür. Şərəfli ölümün biri də odur ki, öz torpaqlarımızda yaşayaq, qocalaq, orada da ölək".
Teleqraf.com xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən görüşdə Laçın şəhər sakini, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçısı Babək Aslanov deyib.
Tezliklə doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.
Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Laçının, Zabuxun, Susun sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.