Vətəndaş cəmiyyəti institutları Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycan dövlətinin beynəlxalq imicinə ziyan vuran çıxışına etiraz olaraq bəyanatlarla çıxış edirlər.
Teleqraf.com-un məlumatına görə, bəyanatlarda qeyd edilir ki, M.Şults Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət sərgiləmək əvəzinə Azərbaycan haqqında həqiqətə uyğun olmayan fikirləri ilə diqqət çəkir:
“O, guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında söylədiyi fikirlər ölkəmizin daxili işlərinə qarışmaq deməkdir. Cənab Şults bununla Azərbaycanda, ümumiyyətlə, insan haqlarına guya əməl edilməməsi təəssüratı yaratmağa cəhd edib. Konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır, Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir”.
Bəyanatlarda o da qeyd edilir ki, indiyədək cənab Şults çıxışlarında Ermənistandan deportasiya edilmiş, Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından bircə dəfə də olsun danışmayıb, erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qoyulan müsəlmanlardan bəhs etməyib: “25 ildir təcavüzkar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları haqqında bir dəfə də olsun cənab Şultsun səsini və fikrini eşidən olmayıb, eyni zamanda Avropada hər gün dini və insani hüquqları tapdanan milyonlarla müsəlmanın diskriminasiyaya məruz qalması Avropa Parlamentinin prezidentini qətiyyən narahat etmir”.
Qeyd edək ki, bu bəyanatlarla Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi, “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti, İctimai Problemlərin Tədqiqi Assosiasiyası, “Potensial” Sumqayıt Mütəxəssislər Birliyi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti İctimai Birliyi, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi, Sosial İqtisad Araşdırmalar İctimai Birliyi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, “İntellekt” Uşaq və Gənclərə Kömək İctimai Birliyi çıxış ediblər.
BƏXTİYAR