Ölkə ərazisində hava şəraitinin qeyri-sabit və şaxtalı keçməsi mənzillərdə içməli sudan istifadə, su təchizatı sistemlərinin və cihazların mühafizəsi məsələsini gündəmə gətirib.
"Azərsu" ASC bu günlərdə əhaliyə müraciətlə bildirdi ki, qış aylarında, xüsusən şaxtalı günlərdə sayğacların donvurmadan qorunması üçün lazımi tədbirlər görsünlər.
Vətəndaşın hesabına dəyişdiriləcək
"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllının bildirdiyinə görə, "Sudan istifadə" Qaydalarının 6.4-cü bəndinə əsasən mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların (sayğacların) işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına istehlakçı cavabdehlik daşıyır: "Yəni, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılımış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa, (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və s.) onların yenilərilə əvəzlənməsi abunəçilərin vəsaiti hesabına həyata keçiriləcək".
Tövsiyə
A.Cəbrayıllı bildirdi ki, su xətlərini donvurmadan qorumağın ən rahat yolu suyu şaxtalı günlərdə gecə saatlarında az şəkildə açıq qoymaqdır: "Abonentlər sual verə bilər ki, bu, vətəndaşa ziyan vurmur, su israf olunmur? Suyu açıq qoysaq, bir gecəyə təxminən 500-1000 litr arası su israf olunur. Bu da dəyər ifadəsi ilə təxminən 30 qəpik civarındadır. Amma sayğacı dəyişdirsək, vətəndaş 140 manat pul ödəməli olacaq. Şaxtalı havalar qış aylarında hər ay onsuz da 3-4 gün olur. Bu da təxminən hər ay üçün əlavə 1 manat 20 qəpik, 1 manat 30 qəpik itki deməkdir. Ona görə də biz vətəndaşlarımıza ən əlverişli yol kimi bunu təklif edirik".
Həyət evlərində yaşayanlar üçün
A.Cəbrayıllı onu da vurğuladı ki, bu xəbərdarlıq fərdi yaşayış evləri üçün nəzərdə tutulub: "Bina evlərinin bloklarında quraşdırılan sayğaclara bu qaydalar şamil olunmur. Blokda olan sayğaclarda onsuz da donma olmur. Olduqda belə, "Azərsu" donmadan sıradan sıxan sayğacları öz vəsaiti hesabına dəyişir. Bu xəbərdarlıq əsasən həyət evləri və həyətyanı sahələr üçündür. Adətən, həyət evlərində sayğaclar darvazanın önündə quraşdırılır"
"Azərsu" rəsmisi dedi ki, bundan əlavə, su sayğaclarını qorumaq üçün taxta yonqarlarından istifadə etmək mümkündür: "Sayğacın qutusuna taxta yonqarlarını doldurmaqla donmadan mühafizə etmək olar. Onu da deyim ki, sayğac quraşdırılanda qutunun içərisində gümüşü rəngdə izolyasiya qatı olur. Bəzən bu izolyasiya qatına müdaxilələr olur, qoparılıb, atılır. Digər tərəfdən, hava çox şaxta olduqda bu izolyasiya qatının mühafizəsinin etibarsız olması istisna deyil. Bundan başqa, sayğac şaxtadan qorunsa belə, şaxtalı havalarda xəttin üzəri açıq olduqda avtomatik olaraq sayğac da donur. Odur ki, xəttin donmaması üçün də izolyasiyaedici vasitələrdən istifadə olunur".
Naibə Qurbanova