Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ölkə boyunca “Milli adət ənənələrimiz və müasirlik” adlı silsilə tədbirlərə start verib.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, Xaçmaz şəhərində keçirilən tədbirdə birliyin sədri Sevinc Əzimbəyli çıxış edərək bildirib ki, əsas məqsəd ölkə vətəndaşlarına, xüsusilə gənclərimizə milli vətənpərvərlik ruhunun aşılanması, mənəvi dirçəlişimizin yüksəlişini müqəddəs bir prinsip kimi təbliğ etməkdir:
“Ümumilli lider Heydər Əliyevin ikinici dəfə hakimiyyətə qayıdışından sonra dini və milli, xüsusilə, Qurban və Novruz bayramlarına rəsmi dövlət statusunun verilməsi, eləcə də dövlət başçısının da şəxsən bu bayramları xalqla birlikdə keçirməsi Azərbaycan dövlətinin milli adət-ənənələrinə sahib durmasının əyani göstəricisidir. Bu gün də dövlətimiz və Prezident İlham Əliyev tərəfindən Azərbaycanda tolerantlığın, milli və mənəvi dəyərlərin dünyada tanıdılması istiqamətində mühüm işlər həyata keçirilir. Bu işdə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müstəsna və əvəzolunmaz xidmətləri var”.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, Azərbaycan xalqının və dövlətinin milli adət-ənənələrinə sahib durması Yaxın Şərqdə baş verənlərin ölkəmizdə təkrarlanmasının qarşısını alır. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin milli mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğının nəticəsində zərərli təkfirçi qüvvələr ölkəmizdə öz bədnam istəklərini heç vaxt həyata keçirə bilməyəcəklər.
Tədbirdə Xaçmaz şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Yaqut Mənsumova və Cümə məscidinin axundu Yaşar Rzayev çıxış ediblər.
BƏXTİYAR