31 Avqust 2022 22:28
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyətinin işğalı dövrün zənginlərindən, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin də ailə üzvlərinin mühacir həyatı yaşamalarına səbəb olub. Belə ki, Hacının qızı Leyla xanım Tağıyevanın (17.01.1896-23.02.1948) həyat yoldaşı Əli Əsədullah 1924-cü ildə ailəsi ilə birgə Bakıdan Təbrizə, oradan isə İstanbula mühacirət edib.

Onların Əli (1918-1943?) Nadir (1920?-1940?) Gülnar (1919-2007) adlı övladları olub. Kiçik oğulları Zeynalabdin 1926-cı ildə İstanbulda doğulub. Daha sonra ailə Parisə köçüb. İkinci Dünya Müharibəsi dövründə Əli Əsədullah böyük oğlu ilə birlikdə almanların tərəfində sovet ordusuna qarşı vuruşub, hər ikisi döyüşlərdə həlak olub. Nadir və Zeynalabdin isə Parisdə bədbəxt hadisə nəticəsində vəfat ediblər. Övladlardan Gülnar Parisdə Sarbonna Universitetini bitirdikdən sonra Leyla xanımla İstanbula köçüb. Leyla xanım 1948-də İstanbulda həyata gözlərini yumub, Feriköy İslam məzarlığında dəfn edilib. Məzar daşında belə yazılıb: “Hacı Zeynelabidin Takının kızı Leyla Esadullah. Baku, 17 ocak 1898 – İstanbul, 23 şubat 1948”.

İstanbulda Tağıyev ailəsinə aid ikinci məzar isə Hacının nəvəsi Əbdürrəhman bəyə aiddir. Əbdürrəhman Tağı 1897-ci ildə Bakıda doğulub. Atası İsmayıl Tağıyev, anası Nurcahan xanımdır. “Türkiye Mühendislik Haberleri” jurnalının 1 yanvar 1967-ci il tarixli sayında yazdığı tərcümeyi-hala görə, 1926-cı ildə İstanbul Texniki Universitetinin inşaat fakültəsini bitirib. 1928-ci ilə qədər yol inşaatında tikinti şefi, Dövlət Dəmiryollarında mühəndis, 1928-1930-cu illər arasında Kayseri-Sivas dəmiryolu çəkilişində inşaat müdiri, 1930-1943-cü illər arasında Dövlət Dəmiryollarında yol müfəttişi, yol baş müfəttişi, Eskişehir yol atelyesi müdiri, Ankarada dəmir körpülər fənn heyəti müdiri vəzifələrində çalışıb.

1943-1947-ci illər arasında Çürek, Divrik, Ərzincan və Karabükdə müxtəlif yol, körpü, stansiya inşaatlarında baş mühəndis olaraq işləyib. 1947-ci ildən 1952-ci ilə qədər əmək fəaliyyətini İstanbul Bələdiyyəsində davam etdirərk Eyüp bölgəsinin tikinti planını hazırlayıb. 1952-ci ildən etibarən 10 il Yıldız Teknik Universitetində dəmir yolları və torpaq işləri üzrə dərs deyib. Yaş səbəbiylə universitetdən ayrıldıqdan sonra İstanbul Liman İnşaatı bölgə müdirliyində kontrol mühəndisi, “Simel Limited İnşaat” şirkətində Baş mühəndis vəzifəsində çalışıb. Ə.Tağı Türkiyə İnşaat Mühəndisləri Birliyinin üzvü olub. 1983-cü il noyabrın 4-də İstanbulda vəfat edib, Ədirnəqapı məzarlığında dəfn olunub.

Əbdürrəhman bəy Faika Onat (1903-1994) xanımla evlənib, Suna (1932-2011) adlı qızları doğulub. Suna xanım professor Mehmed Nimet Özdaş (1921-17.06.2014) bəylə ailə qurub. Nimet bəy hərbçilərin hakimiyyətdə olduğu dövrdə nazir (1983-1986) olub. Orxan və Mehmed adlı iki övladı var.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər