Laçın rayonunun inzibati ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları xidməti fəaliyyətini bərpa edib. Laçın Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əsədov rayonun kommendantı təyin olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildiriib.
Rayon ərazisində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən postlar qurulub, gündəlik olaraq xidmət aparılır. Rayona səfər edən qonaqların təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə təşkil olunur.
***
09.39
Bir neçə gündür Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları və Laçın Rayon Polis Şöbəsinin əməkdaşları şəhərin mərkəzində xidmətə başlayıb.
Teleqraf.com xəbər verir ki, polis əməkdaşları bir neçə gündür şəhərin mərkəzində xidmət aparır.
Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, daxili işlər naziri tərəfindən Laçın rayon müvəqqəti komendantlığı yaradılmaqla, rayon polis şöbəsinin rəisi müvəqqəti komendant təyin olunub.
Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.