Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər: tarixilik, varislik və müasirlik” mövzusunda gənclərlə görüş keçirilib.
Binəqədi RİH-dən Teleqraf.com-a verilən məlumata görə, YAP Binəqədi rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbirdə Baş nazirin müavini Əli Əhmədov, DQİDK sədri Mübariz Qurbanlı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, DQİDK-nın sədr müavini Gündüz İsmayılov və fəal gənclər iştirak ediblərlər.
Tədbirdən əvvəl qonaqlar ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsinin önünə gül dəstələri düzublər.
Tədbiri DQİDK sədri Mübariz Qurbanlı açaraq, mövzu ilə bağlı çıxış edərək, milli mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılmasında gənclərin rolunu qeyd edib.
Baş nazirin müavini Əli Əhmədov mövzu ətrafında geniş məruzə ilə çıxış edib. O, insan həyatında mənəviyyatın rolu, cəmiyyətin mənəvi sferasının tənzimlənməsində milli-mənəvi dəyərlərin, eləcə də dinin rolundan danışıb. Müasir dövrümüzdə ölkəmizin başqa ideyalar ətrafında deyil, məhz azərbaycançılıq məfkurəsi ilə identikləşdiyini də Ə.Əhmədov gənclərin diqqətinə çatdırıb.
Daha sonra Ə.Əhmədov, M. Qurbanlı və G.İsmayılov mövzu ətrafında gəncləri maraqlandıran sualları cavablandırıblar.
BƏXTİYAR