8 May 2014 13:56
2 867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir zamanlar başı dumanlı bu dağlarda qırmızı qoftalı gəlinlər – qızlar yol üstə dayanıb yarını gözlərdi. Burada axşamlar ulduzlar yanar, Xanın səsi ilə havalanan “Qarabağ şikəstəsi” sərin meh olub, dağdan-dağa, bağdan-bağa əsərdi. İndi o, əsirdir. Uzun illərin, ədalətsiz dövranın əsiri... Onu bütövündən parçalayan tikanlı məftillərin girovu...

Bir vaxtlar Natəvan qəzəlinin, Üzeyir nəğməsinin süzülüb gəldiyi İsa bulağından indi məğrur şəhərin göz yaşları axır. Dərdindən ölməyə gümanı çox olanların at oynatdığı Cıdır düzündə indi qisas anını gözləyən şəhid ruhları dolaşır.

Bir zamanlar başı buludlara pənah aparan sarsılmaz qala dumanda güclə sezilən bir kabusa dönüb indi. Görənlərin xatirəsində, görməyənlərin təxəyyülündə yaşayan, sevimli olduğu qədər də vahiməli görünən bir kabusa... Hələ də “gəlin bu yay Şuşaya gedək” deyə bilməyəcəyimizin vahiməsinə bürünmüş kabusa...
Amma deyəcəyik! Deməliyik. Buna 373 kilometr uzaqdan gələn inilti səsləyir bizi. Nə vaxtsa qoynuna çatmağa bir az qalanda fərəhlənib pərvaz eyləyən könüllərin indi dərinliyinə işləyən inilti... Əsir kabusun iniltisi...


Müəllif: Leyla