“Dünən 13 yaşında dünyaya uşaq gətirən qızın anası hadisəni bilməyib”.
Bunu Teleqraf.com-a Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə deyib.
Onun sözlərinə görə, cinsi zorakılıq faktı azyaşlı qız tərəfindən gizlədilib: “Hansı valideyn 9 ay oturub gözləyər ki, onun azyaşlı qızı uşaq dünyaya gətirsin? Bu hadisə bəlli olmayıb. Uşaq bildirməyib, hamiləlik gizli qalıb".
Cinsi zorakılığın cinayət oludğunu xatırladan Mərkəz rəhbərinin sözlərinə görə, çox vaxt zorakılıqla üzləşən uşaqlar hadisəni danışmaqdan qorxurlar: "Düşünürlər ki, onları günahlandıracaqlar. Əmin deyillər ki, qarşı tərəfin bunu etdiyini sübuta yetirməyə nail olacaqlar, ya yox. Çox vaxt onlara hədə-qorxu da gəlirlər. Ümumiyyətlə, cinsi zorakılığa məruz qalanalar çox vaxt yaşadıqları stresdən, şokdan başlarına gələni gizlədirlər. Ananın bildirdiyinə görə, o, qızının hamiləliyindən xəbərsiz olub”.
Qeyd edək ki, sentyabrın 6-da saat 13:30 radələrində Sabunçu rayonunda ev şəraitində doğuş hadisəsi baş verib. 2009-cu il təvəllüdlü ananın dünyaya gətirdiyi uşağın çəkisi 3 600 qramdır. Hazırda ana və uşağın vəziyyəti stabildir. Qızın anası nəvəsindən və öz qızından imtina edib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.