8 Sentyabr 2022 10:31
256
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda siyasi müstəvidə həyata keçirilən islahatların dərinləşməsi prioritet olmaqla yanaşı, müasir dövrün çağırışlarındandır. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasına bu islahatların tərkib hissəsi kimi baxmaq lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputatın fikrincə, yeni inkişaf hədəfləri kontekstində “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu zəruridir: “Nəzərə almaq lazımdır ki, mövcud “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 1992-ci il 3 iyun tarixində qəbul edilib. Aydındır ki, ötən 30 ildə siyasi münasibətlərə baxış dəyişib və ölkədə formalaşan yeni siyasi düzən hüquqi müstəvidə də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını vacib edirdi.

Layihənin hazırlanması prosesində demokratik dəyərlərin gözlənilməsi və şəffaflığın qorunması əsas prinsiplərdən olub. Belə ki, qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirilib və bu ayın 28-də ilk ictimai dinləmə də təşkil ediləcək.

Məhz bu prinsiplərin gözlənilməsi layihənin hazırlanması prosesində siyasi partiyaların daha fəal iştirakına zəmin yaratmışdı. Artıq 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib ki, bu da prosesdə siyasi inklüzivliyin yüksək olduğundan xəbər verir”.

Vüqar Bayramovun sözlərinə görə, layihənin hazırlanması zamanı beynəlxalq təcrübənin öyrənilməsi də nəzərə alınıb: “Bu, çox vacib məqamlardan biridir. Layihə hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi öyrənilib və yaxşı təcrübələr nəzərdən keçirilib. Bu isə qanun layihəsinin beynəlxalq prinsiplərinə uyğun olaraq hazırlanmasının göstəricisidir.

Qeyd etmək lazımdır ki, Milli Məclisin saytında yerləşdirilmiş layihə ilkin variantdır və bu da o deməkdir ki, ictimai dinləmə zamanı verilən təklifləri nəzərdən keçirilməklə qanun layihəsi daha da təkmilləşdiriləcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər