8 Sentyabr 2022 13:19
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər veridiyimiz kimi, sentyabrın 7-də Haqqın.az saytının baş redaktoru, Əməkdar jurnalist Eynulla Fətullayev Xural TV-nin rəhbəri Əvəz Zeynallı haqda ifşaedici məlumat yayıb.

Eynulla Fətullayev jurnalist Əvəz Zeynallının hazırda həbsdə olan "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovu şantaj edərək, onun ailəsindən 20 min manat pul aldığını bildirib. O, Əvəz Zeynallının səs yazısını da sosial şəbəkə hesabında da ictimailəşdirib.

Teleqraf.com korrupsiyada, adətən, məmurları ittiham edən bir jurnalistin özünün şantaj yolu ilə rüşvət almasına media rəhbərlərinin münasibətini öyrənib.

Parlament Jurnalistləri Birliyinin (PJB) sədri, Modern.az saytın rəhbəri Elşad Eyvazlı bildirib ki, baş verən hadisə ümumilikdə jurnalistika və ciddi media üçün utancverici haldır: “Qurunun oduna yaş da yanır. Bu, sağlam medianı gözdən salmaqdır. Belə məsələlər bizi insanların üzünə baxmayacaq hala gətirib çıxarıb.

Çox təəssüf ki, son vaxtlar bu hallar ciddi vüsət alıb. Hərə əlinə bir mikrafon alıb jurnalistikanı vəhşətə çevirib. Ağlagəlməz yollarla insanları şantaj edib onların başına oyun açırlar. Bu kimi hallar nə dövlətə, nə millətə, nə ölkəyə, nə də jurnalistikaya xeyir gətirir. Bu hal Azərbaycan jurnalistlərinin xaricə çıxmaq məqsədinin qarşısını kəsir və peşəni geri aparır. Birmənalı şəkildə bu kimi məsələlərə hüquqi qiymət verilməlidir”.

Müsahibimiz düşünür ki, bu tip məsələlərdə əsl jurnalistlər həmrəy olmalıdırlar: “Bağıran, vəhşət saçan, adamlara çamur atmaqla məşğul olan ünsürləri aramızdan mütləq çıxarmalıyıq. Bu, yalnız dünən baş verən hadisə deyil, hər kəs o sferanı görür ki, nələr var... İnanıram və əminəm ki, mütləq təmizlənmə gedəcək.

Azərbaycan mediası öz xalqına, dövlətinə xidmət edəcək, dövlətimizin haqq səsini, gücünü dünyaya çatdırmaqda bir rupor rolunu oynayacaq. Amma belələri olduqca Azərbaycanda əsl media adamları çəkilib bir kənarda dururlar. Abırlarına qısılırlar. Çünki belə hallara kənardan baxan cəmiyyət hamını eyni gözdə görür.

Problem ondadır ki, bu zaman əsl jurnalistlər çox sürətli şəkildə mediadan çəkilirlər. Biz bunun şahidi olmuşuq. Gerçək jurnalistika əlimizdən çıxır. Nəticədə Azərbaycan jurnalistikası vəhşət saçan bir şeyə çevrilir.

Çox təəssüf ki, bu ünsürlər əsl jurnalistlərdən qat-qat qabağa gediblər, özlərindən bir qəhrəman obrazı yaradıblar. Quzu dərisi geyinib özlərini az qala xalqın xilaskarı kimi göstərməyə çalışan şeytandırlar. Bunlar üçün müqəddəs bir şey yoxdur, birmənalı olaraq ölkə, xalq və dövlətə çox ciddi təhlükədirlər.

Biz onlardan qurtulmasaq, Azərbaycan mediasının gələcəyi heç də yaxşı görünmür. Azərbaycan mediasının inkişafı, böyüklüyü isə dövlətimizə, millətimizə, Prezidentimizə lazımdır”.

"Ayna-Zerkalo” qəzetinin təsisçisi Elçin Şıxlı isə bu məsələ haqqında fikir söyləməyi özü üçün düzgün hesab etmir: “Baş verənlərin nə qədər doğru-düzgün olduğunu hələ heç kim təsdiqləməyib, xüsusən də hüquq-mühafizə orqanları. Əgər fakt öz təsdiqini taparsa, onda fikir söyləmək olar.

Təbii ki, kimisə şantaj edib ondan pul almaq yaxşı bir şey deyil. Olduqca pis haldır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər