"Daşıma həcmlərinin artması ilə bağlı hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 2-ci mərhələ üzrə layihələndirmə işləri aparılır".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Bakıda Rusiya və İran rəsmiləri ilə keçirdiyi görüşdə deyib.
Onun sözlərinə görə, 2-ci mərhələ başa çatdıqdan sonra limanın yükaşırma imkanı 25 milyon tona çatdırılacaq.
"Bugünkü görüşün əsas məqsədi yükdaşımalar üçün birgə imkanların araşdırılması, lazımi yeni infrastruktur layihələrin həyata keçirilməsi, razılaşdırılmış tariflərin tətbiq edilməsi, nəqliyyat vasitələrinin səmərəli istifadəsi, sərhəd keçid məntəqələrinin buraxılış imtahanlarının genişləndirilməsi, elektron sənəd dövriyyəsinin tətbiq edilməsidir. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin, logistika imkanlarının inkişaf etdirilməsi məqsədilə nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində işləri davam etdirir. Məqsədimiz ölkəmizin tranzit daşımaları təmin etmək infrastrukturunun inkişaf etdirilməsidir. Bunun üçün,bir sıra iri layihələr həyata keçirilib", - deyə hökumət rəsmisi qeyd edib