"Azərsu" ASC Bakının Yasamal rayonundakı bəzi obyektlərdə içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə halları aşkarlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Məlumata görə, Yasamaldakı ət kəsimi məntəqələrinin sahibləri dəfələrlə edilən xəbərdarlıqlara və obyektin su təchizatının dayandırılmasına baxmayaraq, qeyri-qanuni əməllərindən əl çəkmirlər.
Yasamal rayon Sukanal İdarəsinin mütəxəssislərinin keçirdiyi nəzarət tədbirləri zamanı məlum olub ki, kababxana və sallaqxanalarda içməli su ciddi şəkildə talanır. Ərazidə mövcud olan 10-dan çox obyektin cəmi biri sudan qanuni istifadə edir. Digər obyektlərin sahibləri dəfələrlə edilən xəbərdarlıqlara, hətta su təchizatının dayandırılmasına baxmayaraq, yenə də müxtəlif yollarla sudan qanunsuz istifadəyə çalışırlar. İçməli sudan qeyri-qanuni istifadənin qarşısını almaq məqsədilə obyektlərin su təchizatı dayandırılıb. Yasamal rayon Sukanal İdarəsinin mütəxəssisləri tərəfindən bütün obyektlər siyahıya alınıb və sahibkarlara su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilib.
İçməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu cür halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Adıçəkilən ərazidə ət kəsimi ilə məşğul olanlar kanalizasiya şəbəkəsinə qanunsuz qoşulma ediblər. Şəbəkəyə heyvan tullantılarının axıdılması baxış quyularının və xətlərin tez-tez tutulmasına, çirkab suların ətraf əraziyə dağılmasına səbəb olur.
Bu ilin yanvar-avqust aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 6 225 fakt aşkarlanıb. Həmin hallar üzrə 1 milyon 627 min kubmetr sərfiyyat bərpa olunub. Bu rəqəm Yasamal rayonu üzrə müvafiq olaraq 115 fakt və 28,7 min kubmetr təşkil edib. 8 ay ərzində sudan qanunsuz istifadə ilə bağlı 100-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.