6 Dekabr 2014 12:16
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə hər il dekabrın 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramlarını qeyd edirlər.


Teleqraf.com xəbər verir ki, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin kollektivi peşə bayramı günü münasibətilə Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Daha sonra, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib.

Çıxışına təbrik sözləri ilə başlayan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov nitqini Xəzər və Qafqaz regionlarının telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük sərgisi olan "Bakutel-2014"-ün yekunları ilə davam etdirib.

Nazir, xüsusilə Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu ilin iyun ayında orbitə çıxarılmış və yeni adı "Azersky" olan "Spot 7" yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peykinin ölkəmizin milli peyk operatoru və Fransanın "Airbus Defence and Space" şirkəti arasında imzalanmış müqaviləyə əsasən, sərginin açılışında "Azərkosmos" ASC-yə təhvil verilməsini, bu mərasimdə prezident İlham Əliyevin iştirakının ilin əlamətdar hadisəsi olduğunu vurğulayıb.

Belə ki, Dünya İqtisadi Forumunun "Qlobal İnformasiya Texnologiyaları 2014" hesabatında Azərbaycan "Şəbəkələşmə Hazırlığı İndeksi"nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib.

BMT-nin "E-Hökumət müayinəsi 2014" adlı hesabatında isə Azərbaycan 193 ölkə arasında "Elektron hökumətin inkişafı indeksi" üzrə əvvəlki mövqeyini 28 pillə artıraraq 96-cı yerdən 68-ci yerə yüksəlib.

Sonda bir qrup rabitəçi fəxri fərman və diplomlarla təltif olunublar.

İLHAMƏ


Müəllif: