8 May 2014 14:09
1 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazir müavini Şuşalı rabitəçilərə vəd verdi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) əməkdaşları "Azərpoçt" MMC-də Şuşadan olan rabitəçi məcburi köçkünlərlə görüş keçirib. Nazir müavini Elmir Vəlizadə Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik şəhəri Şuşanın, o cümlədən digər işğalda olan torpaqlarımızın geri qaytarılması üçün dövlətin apardığı siyasətdən danışıb, məcburi köçkünlərin sosial problemlərin həlli və sosial müdafiəsinin gücləndirilməsi kimi prioritet istiqamətlərin olduğunu bildirib.

Qarabağın sülh yolu ilə işğaldan azad edilməsi istiqamətində aparılan siyasətdən söz açan Elmir Vəlizadə torpaqlarımızın azad edilməsinin ardınca əzəli torpaqlarımızda bütün istiqamətlərdə olduğu kimi, rabitə sahəsində də “Böyük qayıdış proqramı”nın yüksək səviyyədə icra ediləcəyini vurğulayıb.

Nazir müavini qeyd edib ki, RYTN nəinki Şuşadan olan məcburi köçkünlərin, ümumilikdə rabitə sahəsində çalışan məcburi köçkünlərin, şəhid və əlil ailələrinin, veteranların problemləri ilə yaxından maraqlanaraq onların problemlərinin həlli istiqamətində müvafiq işlər görür və bu ənənəsini bundan sonra da davam etdirəcək:

“Bu görüşdə iştirak edən şuşalıların hər birinin şəxsi problemləri və çətinlikləri ilə də yaxından tanış olaraq, onların həllinə çalışacağıq”.

NİGAR


Müəllif: