Paytaxt Bakının nəqliyyat problemi günü-gündən artır. Plansız şəhərsalma, əhalinin və avtomobil sayının artması nəqliyyatın hərəkətinə mane olan üç ən böyük amildir. Paytaxt yolları nəqliyyat axınını sürətlə təmin edəcək qədər geniş və çoxzolaqlı deyil. Şəxsi avtomobillərdən çox istifadə də səhər və axşam saatlarında nəqliyyatın hərəkətini iflic edir. Nəticədə hər gün tıxaclı yollar, böyük növbələr, aqressiv sərnişinlər və qəzəbli sürücülər görürük.
Belə bir məqamda paytaxt sakinlərinin səhər işə vaxtında çatmasından söhbət gedə bilməz.
Problemə problem qatan digər bir səbəb isə ölkədə hamı üçün iş və dərs saatının eyni vaxtda başlamasıdır.
Maraqlıdır, dövlət qurumlarının iş saatı müxtəlif vaxtlarda başlasa, problem həllini taparmı? Ümumiyyətlə, Bakını bu dərddən xilas edən ağıllı üsul nə ola bilər?
Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-a bildirib ki, qurumların iş saatı müxtəlif vaxtda başlasa da, problemin həllində faydasızdır.
Deputat qeyd edib ki, bu plan nisbətən kiçik şəhərlərdə effekt verə bilər: “Amma bu, məsələnin həll yolu deyil. Alternativ nəqliyyat yoxdur, yenə həmin sərnişin həmin avtobusla və ya metro ilə getməlidir. Ölkədə metro çəkilişi yarımçıq qaldı. Bu, böyük bir səhv və səhlənkarlıqdır. Çünki metro tikintisi olmadan Bakı kimi şəhərin yükünü qaldırmaq olmaz. Ali məktəblərin şəhər mərkəzindən köçürülməsi də baş tutmadı. Bu da böyük bir səhlənkarlıqdır.
Bütövlükdə ölkədə alternativ yolların azlığı problemi var. Fəhlə və Neftçilər prospektinin yükünü azaltmaq üçün Xəzərin üstündən yol çəkmək olardı, amma... Bundan sonra böyük layihələri həyata keçirmək çox çətindir. İndi hökumət nə düşünür, bunu deyə də bilmərəm, amma tıxac fəlakət səviyyəsində böyüyəcək”.
Müsahibimiz hesab edir ki, məktəblərin infrastrukturu qurulmalıdır, hər tədris ocağının ən az 5-10 avtobusu olmalıdır: “Şagirdləri məktəbə aparıb-gətirmək təmin olsa, hər valideyn şəxsi maşını ilə gəlib məktəbin qarşısında tıxac yaratmaz. Bu şərtlərin heç birinə əməl olunmur, heç kimin də vecinə deyil.
Ümumiyyətlə, Azərbaycan xalqının həmrəy olduğu iki sahə var – biri Qarabağ, digəri tıxac. Hamı eyni əzab-əziyyəti eyni cür çəkməlidir. Bu xalqın dözümünü, səbrini yoxlamaq baxımından Allahın bizə göndərdiyi bəla da olsa, çəkməliyik. Hər kəs əsəb dərmanı alıb bu prosesi yola verməlidir ki, infarkt keçirməsin”.
Fazil Mustafaya görə, yollardakı vəziyyətlə bağlı heç bir tədbirin görülməməsi ehtimalı var: “İndiyə qədər verilən bütün təkliflərin qulaqardına vurulması, mövcud vəziyyətin nəticəsidir. Avtobuslar üçün bir cığır açdılar, amma nə fayda? Eyni şəhərdə eyni istiqamətdə gedənlər tıxac böyük olanda məcburiyyətdən bu xəttə də girirlər. Halbuki başqa ölkələrdə avtobuslar üçün ayrıca yolun çəkilişi şəhərsalmada nəzərə alınır. Bütün bunlar edilməyib, ona görə də iş saatının dəyişməsi heç nəyi həll etmir.
Yaşamaq uğrunda mübarizə aparmaq lazımdır. Kim kiminin başının üstündən atlanıb keçə bilsə, mənzil başına tez çatacaq. Yəqin ki, Hindistanda, Vyetnamda olduğu kimi, bizdə də hamı motosikletə keçməyə başlayacaq. Motosikletə də tələbin artdığını görüb qiymətini artıranda yəqin ki, insanların bunu almağa pulu çatmayacaq. Səki də yoxdur ki, piyada getsinlər, amma nə qədər avtomobil vurmayıb risk etsinlər. Acınacaqlı bir durumdur, heç bir çıxış yolu da görünmür, hansısa nəticənin çıxarılacağı ilə bağlı təsəvvür də yoxdur. İnsanlar tıxac dəhşətindən öz sağlamlıqlarını qorumalıdır”.
Fazil Mustafa parlamentdə bir neçə nazirliyin Ağdama, Gəncəyə köçürülməsi ilə bağlı təklif verdiyini xatırladıb: “Bu təkliflərə baxan da olmadı. Deməli, bu məsələlər heç kimi narahat etmir. Bəzən saatlarla körpə uşaqlar maşınlarda məktəbə gedirlər. Yaşlı və xəstə insanlar yollarda zülm çəkir. Çox vaxt təcili yardım maşınları çağırışa vaxtında gedib çata bilmir. Vəziyyətdən yol polisinin özü belə, zülm çəkir”.