"Xidmət etdiyim diyar" tədbirlər silsiləsindən Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş "Ümummilli lider Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının erməni təcavüzündən xilası" mövzusunda tədbir keçirilib.
Mwdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqaf.com-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordusunun Mənəvi-Psixoloji Təminat Şöbəsinin təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordusunun zabiti Mirqiyas Rüstəmov çıxış edərək bildirib ki, 7 sentyabr 1991-ci ildə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında tarixi qərar qəbul edilib: “15 sentyabr 1992-ci ildə həmin Müdafiə Komitəsinin bazasında 5-ci əlahiddə gücləndirilmiş motoatıcı briqada yaradıldı.
Həmin briqada motoatıcı diviziyaya, daha sonra Ordu Korpusuna, 2013-cü ildə isə Əlahiddə Ümumqoşun Ordusuna çevrildi. Tam əminliklə deyə bilərik ki, düşmənin qorxulu kabusuna çevrilən Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyəti muxtariyyətin 90-cı ilində də ən çətin tapşırıqların öhdəsindən layiqincə gəlib və Naxçıvan Muxtar Respublikasının müdafiəsini etibarlı təmin edib. Bu şərəfli ənənə bundan sonra da qətiyyətlə davam etdiriləcək”.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix-Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərli "Ümummilli lider Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının erməni təcavüzündən xilası" mövzusunda məruzə edib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli və digər çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda güclü, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.