Dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olan gizir Budaqlı İsmayıl Məhərrəm oğlu doğma yurdu Sabirabadda böyük izdihamla son mənzilə yola salınıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan dövlət sərhədində Ermənistan hərbi birləşmələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısının alarkən şəhid olan İsmayıl Budaqlının dəfn mərasimi olub. Şəhidin nəşi doğulub boya başa çatdığı evə gətirilib.
Mərasimdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının əməkdaşları, rayon sakinləri, veteran və qazilər iştirak edib. Şəhid İsmayıl Budaqlı Axtaçı Muğan kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Budaqlı İsmayıl Məhərrəm oğlu 1998-ci il yanvarın 12-də Sabirabad rayonu Axtaçı Muğan kəndində dünyaya göz açıb. Hələ uşaq vaxtlarından vətənpərvərliyi ilə seçilib. Həqiqi hərbi xidmətini bitirdikdən sonra könüllü olaraq ordu sıralarında qalaraq Vətənin keşiyində dayanıb. Xidmət etdiyi müddətdə gizir rütbəsinə qədər yüksəlib.