Avropa azərbaycanlıları Ermənistanın hərbi təxribatına etiraz edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının etirazına səbəb olub.
İtaliyada yaşayan və fəaliyyət göstərən Azərbaycan icması Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.
Azərbaycan-İtaliya Birliyinin sədri Fərid Abbasovun imzası ilə yayılan bəyanatda Ermənistanın hərbi təxribatı barədə ətraflı məlumat verilib, bu təcavüzün səbəblərinə diqqət cəlb edilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü nəzərə çatdırılıb. Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq hüquq normalarına, bölgədə aparılan normallaşma və sülh prosesinə tamamilə zidd olduğu bildirilib. Azərbaycanın işğaldan azad edilmiş bu ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri apardığı bir zamanda məhz Ermənistanın hərbi təxribata yol verməsi bu prosesə hər vəchlə mane olmasının növbəti bariz nümunəsi kimi qiymətləndirilib: “Biz, İtaliyada yaşayan Azərbaycan icması, dünya birliyindən bu kimi halların bir daha baş verməməsi üçün beynəlxalq hüquq müstəvisində əməli addımların atılmasını, eyni zamanda Ermənistanın revanşizm ideyalarına son qoyulması və sülhə dəvət edilməsi istiqamətində səylərin artırılmasını tələb edirik”.
Niderlandda fəaliyyət göstərən Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti də Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribata kəskin etirazını bildirib. Cəmiyyətin sədri Frəngiz Bağırovanın imzası ilə yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda Ermənistanın beynəlxalq hüquq normalarına, Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə zidd olan hərbi cinayəti barədə ətraflı məlumat verilib.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində törətdiyi təxribata Macarıstanda yaşayan soydaşlarımız da etiraz edib. Beləki, Macarıstanın Azərbaycan icması Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin yaydığı bəyanatda Ermənistanın növbəti dəfə törətdiyi təcavüz barədə ətraflı məlumat verilib. Beynəlxalq hüquq normalarına, Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə zidd olan hərbi təxribatın səbəblərinə diqqət cəlb edilib.
Təcavüzkar Ermənistanın hərbi təxribatına Almaniyanın Hannover şəhərində yaşayan Azərbaycan icması sərt etiraz edib. Alman-Azərbaycan Dostluq Assosiasiyasının yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatında ünvanlanan məktubda hərbi təxribat nəticəsində baş verən itkilər barədə ətraflı məlumat verilib. Ermənistanın beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu təcavüzkar hərəkətinin səbəblərinə diqqət cəlb edilib.
Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribata sərt etirazını bildirib. Assosiasiyanın yerli və beynəlxalq ictimaiyyətə ünvanladığı bəyanatda Ermənistanın Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesi ilə bir araya sığmayan növbəti təcavüzü barədə ətraflı məlumat verilib, bu hərbi cinayətin səbəblərinə diqqət cəlb edilib.