"Azərbaycanın dünən də, bu gün də güman və güvən yeri Türkiyə olub. 1918-ci ildən 104 il keçib. Dostumuz dost, düşmənimiz düşmən kimi qalır. Tarix və hadisələr yenə də təkrarlanır. Tariximizin ən şərəfli səhifəsi Vətən müharibəsindəki qələbəmizdir. Azərbaycan tarixin ən çətin səhifələrindən üzüağ çıxıb. Əzilib, amma üzülməyib".
Teleqraf.com xəbər verir ki, bu sözləri bu gün keçirilən "Türkiyə-Azərbaycan əlaqələrinin dünəni və gələcəyi" simpoziumunda millət vəkili Fəzail İbrahimli deyib.
Deputat Qarabağ şəhidlərini də yad edib: "Qarabağ müharibəsində igidlərimiz vətən yolunda şəhid oldular. Üzülürük, kədərlənirik. Ancaq bir məsələ var ki, başımız artıq ucadır. Dövlət başçımız dünya liderlərinin yanında dayananda həm fiziki, həm də mənəvi uca olur".