“Ermənilər nə etdiyini başa düşmürlər. Bir tərəfdən Paşinyanı Türkiyə və Azərbaycana işləməkdə, sülhə getməkdə ittiham edir və müharibə tərəfdarı kimi çıxış edirlər. Digər yandan, müharibədə məğlubiyyat yaşanan kimi Nikol Paşinyanın əleyhinə kampaniya aparırlar”.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
O, əlavə edib ki, bu kontekstdə ermənilərin davranışları anlaşılmazdır: “Onların nə üçün belə etdiklərinə izah vermək çətindir”.
Sərdar Cəlaloğlunun fikrincə, hazırda Ermənistanda fəal müxalifət elektoratı Nikol Paşinyanı devirmək istəyir: “Reallıqsa budur ki, nə Rusiya, nə də Qərb Paşinyanın devrilməsində maraqlıdır... Məqsəd Paşinyanı mümkün qədər təzyiqdə saxlamaq və onu müstəqil siyasət aparmaqdan mərhum etməkdir. Onsuz da Paşinyandan lazım olanda Rusiya, lazım gəldikdə isə Qərb istifadə edir. Məncə, indiki halda məqsəd onu devirmək deyil.
Üstəlik, parlament çoxluğu Paşinyanın tərəfindədir. Parodoksal görünsə də, erməni cəmiyyəti onu açıq dəstəkləyir, güman edir ki, Paşinyan təmiz adamdır, korrupsiyadan kənardır”.
Partiya sədri hazırda Qarabağdakı ermənilərin təşviş keçirdiyini deyir: “Son qarşıdurmada Ermənistan bir daha məğlub oldu, yüzlərlə itki verdi, sərhəddə qurduğu müdafiə məntəqələri dağıdıldı. Eləcə də Azərbaycan mövqelərini gücləndirdi, ərazilərə nəzarətini təmin etdi. Bu səbəbdən Xankəndində panika müşahidə olunur. Separatçılar real təhlükəni hiss edirlər. Ona görə də Araik Arutyunyan bir dəstə separatçı ilə İrəvana gedərək məsləhətləşmələr aparmaq yolunu seçib”.