19 Sentyabr 2022 13:40
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan 1969-cu il təvəllüdlü Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə Gültəkin Muradova ifadə verib.

O bildirib ki, irəli sürülən ittiham yalandır, uşağı öz atası Elgün Nəsirovun razılığı ilə götürüb.

Gültəkin Muradova deyib ki, qeyri-rəsmi yaşadığı şəxslə birlikdə Kürdəxanı qəsəbəsində kirayə qalıb. Ətraf qəsəbələrdə də övladlığa götürmək üçün uşaq axtarıblar.

İttihamlarla özünü təqsirli bilməyən Gültəkin Muradovanın sözlərinə görə, uşağı öz atası pulla satıb: "Məhəmmədə görə atasına 3 min manat pul vermişəm. O uşaqlara yazığım gəlirdi. Soyuq havada ayaqyalın, başıaçıq gəzirdilər. Maraqlanan, baxan yox idi. Nə vəziyyətdə idilər. Mənim niyyətim o uşağın qayğısına qalmaq, onları normal şəraitdə böyütmək olub”.

Gültəkin Muradovanın sözlərinə görə, uşağı gizli şəkildə aparmayıb, həmin vaxt ailənin başqa üzvləri də evdə olub.

İttihama görə, Gültəkin Muradova Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki evlərdən birində qeyri-rəsmi nikahda yaşadığı şəxslə birlikdə kirayə qalıb. O, övlad sahibi olmadığına görə kiminsə uşağını götürək saxlamaq qərarına gəlib. Bu məqsədlə ətrafda olan yaşayış massivlərini gəzib.

Qeyd olunub ki, Gültəkin Muradova oğurlamaq üçün uşaq axtardığı vaxt özünü aztəminatlı ailələrə yardım edən şəxs kimi göstərib.

O, 2 yaşlı Məhəmməd Şıxəliyevin yaşadığı evdə də özünü yardımsevər şəxs kimi təqdim edib, ailəyə yardım gətirəcəyini deyib.

2021-ci ilin dekabrın 29-da yenidən həmin evə gedib və uşağın anasının, eləcə də onun qeyri-rəsmi nikahda yaşadığı şəxsin evdə olmadığını görüb. Həmin vaxt 2 yaşlı uşaq bacısı Firuzənin yanında olub.

Gültəkin Muradova uşağı aparanda Firuzə Şıxəliyeva ona etiraz edib, qardaşını hara apardığını soruşub. 10 günə yaxın uşağı saxlayıb. 2022-ci il yanvarın 8-də hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində uşaq tapılıb və anasına təhvil verilib.

İstintaq orqanı tərəfindən Gültəkin Muradovanın barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər