20 Sentyabr 2022 19:28
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Səhiyyə komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Əhliman Əmiraslanov 2022-ci ilin payız sessiyasında deputatlara uğurlar diləyib.

Teleqraf.com xəbər verir ki, komitənin sədri Ermənistan tərəfinin Azərbaycanla sərhəddə törətdiyi son təxribatlardan söz açaraq, şəhid olan qəhrəman hərbçilərimizə rəhmət, yaxınlarına səbr diləyib, yaralılarımızın tezliklə sağalmalarını arzulayıb. İclas iştirakçıları şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra komitə sədri iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini bildirib. İlk olaraq müzakirəyə Milli Məclisin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat təqdim olunub. Komitə sədri bildirib ki, hesabat müddətində komitənin 13 iclası keçirilib, həmin iclaslarda 14 məsələyə baxılıb. Əhliman Əmiraslanov baxılan məsələlər haqqında fikirlərini söyləyib, qəbul olunan qanunların əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, bundan başqa, Səhiyyə komitəsi Əmək və sosial siyasət komitəsi ilə birgə “Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzusunda Şuşa şəhərində dinləmə keçirib.

Bildirilib ki, hesabat dövründə komitəyə daxil olan 150-yə yaxın ərizə və şikayətə baxılıb, müraciətlərdə qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb, həmçinin komitənin sədri tərəfindən 53 vətəndaş qəbul edilib.

Gündəliyin ikinci məsələsi olan Milli Məclisin Səhiyyə komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planı ilə bağlı Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, qarşıdakı sessiyada komitəyə qanunvericilik subyektlərindən daxil olacaq qanun layihələrinin, o cümlədən Büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub. Həmçinin “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi, “Koronavirus (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər”, “İcbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi”, “Tibbi tullantıların idarə edilməsi” və digər mövzularda dinləmələrin keçirilməsi planlaşdırılıb.

Komitə sədri gündəliyin üçüncü məsələsinin Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu və komitənin layihənin “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikləri müzakirə edəcəyini bildirib.

Layihə ilə bağlı Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib.

Adil Vəliyev sənədin Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli qanuna uyğun hazırlandığını diqqətə çatdırıb. O, bildirib ki, layihədə əsasən iki kateqoriya üzrə - Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin (toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi, bərbər fəaliyyəti ilə məşğul olan şəxslər və sair) və Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslərin (mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər) icbari tibbi sığorta ilə əhatə olunması nəzərdə tutulub. Sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4%-i miqdarında məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.

İclasda Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, komitə üzvləri İlham Məmmədov, Sədaqət Vəliyeva, Məlahət İbrahimqızı, Kamilə Əliyeva, Kəmaləddin Qafarov gündəlikdəki məsələlərlə bağlı çıxış ediblər. Komitə üzvləri şəhid ailələri və qazilərə tibb xidmətlərin göstərilməsinin, ailə həkimi və digər sahələrin qanunla tənzimlənməsinin və “Əhalinin sağlamlığı haqqında” qanunun ekspertizasının aktuallığını da dilə gətiriblər.

İclasda deputatlar Milli Məclisin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabatı qənaətbəxş hesab ediblər, komitənin 2022-ci ilin payız sessiyası üçün iş planını təsdiqləyiblər, gündəlikdəki qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.


Müəllif: Nemət

Oxşar xəbərlər