21 Sentyabr 2022 17:44
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur.

Teleqraf.com xəbər verir ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 km, Kəlbəcər -İstisu 26 km təşkil edir. Toğanalı-Kəlbəcər layihənin 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 m-dən Murovdağ zirvəsinədək 3250 m-ə qədər artır.

Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. Əlavə olaraq 561.2 m, 605.1 m və 888 m uzunluğunda 3 tunelin tikintisi də həyata keçirilir.

11600 metr uzunluğa malik olacaq Murovdağ tunelinin (Tunel №3) sol hərəkət istiqaməti üzrə ümumilikdə 2673 metr, sağ istiqamət üzrə isə ümumilikdə 2818 metr qazma və püskürtmə işləri aparılıb.

561.2 m uzunluğunda olan Tunel №1-də qazma, püskürtmə beton işləri və kəmər beton işləri tamalanıb. 605.1 m uzunluğunda olan Tunel №2-də qazma və püskürtmə beton işləri 511 m hissədə tamamlanıb.

Dövlət başçısının tapşırığına əsasən, Toğanalı-Kəlbəcər, Kəlbəcər-İstisu avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqdan, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Tunel və körpü olan hissələrdə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır.

Toğanalı-Kəlbəcər yolu boyunca 6.0-13.5 və km 25.0-33.4 km hissələrdə ərazinin təmizlənməsi, torpaq yatağı üçün təməlin hazırlanması, qazmalarda yamacların formaya salınması və 43 ədəd düzbucaqlı və dairəvi boruda işlər tamamlanıb, 16 ədəd düzbucaqlı və dairəvi boruda inşa işləri davam etdirilir.

Layihənin Kəlbəcər-İstisu (26 km) hissəsində hal-hazırda hissələrdə ərazinin ərazinin təmizlənməsi və qazma işlərinə başlanılıb.

Hazırda layihənin müəyyən hissələrində layihə-axtarış, geologiya və torpaq işləri aparılır. Belə ki, tikinti norma və standartlarına uyğun olaraq təməl üçün materialların təmin edilməsi, ağır vərdənə ilə əsasın tələb olunan kipliyə çatdırılması və torpaq yatağının səth sularından qorunması üçün torpaq küvetlərin çəkilməsi işləri görülür. Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və 15-21.5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir.

Yeni inşa edilən Toğanalı-Kəlbəcər (56 km) layihəsində yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 2960 metr olan 129 ədəd dairəvi boru, ümumi uzunluğu 5760 metr olan 72 ədəd düzbucaqlı və U tipli suötürücü qurğular, həmçinin zəruri olan yerlərdə 6 ədəd (171 m) yeni avtomobil körpüsünün inşası işləri də icra olunacaq.

Kəlbəcər-İstisu II texniki dərəcəli avtomobil yolu 26 km təşkil edir. Layihədə yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 980 metr olan 63 dairəvi boru, uzunluğu 358 metr olan 18 düzbucaqlı, 3 (165 m) yeni avtomobil körpüsünün inşası işləri də icra olunacaq.

Layihə üzrə tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”na əsasən aparılır. Tərtib olunmuş qrafikə uyğun layihənin 2025-ci ilədək yekunlaşdırılması məqsədi ilə Agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər