22 Sentyabr 2022 11:26
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakıda yol polisi ilə mübahisə edən sürücü cəzalandırılıb".

Bunu Teleqraf.com-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru polis mayoru Araz Əsgərli paytaxt ərazisində yol polisi ilə sürücü arasında baş verən insidentə münasibət bildirərkən deyib.

O deyib ki, 90-DH-093 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Mehdiyev Səməndər Rizvan oğlu taksi fəaliyyəti ilə məşğul olur:

"Avtomobilinin üzərində 3 ayı tamam olmuş cərimələrinə görə həbs qərarının olduğu ona izah edilib. Qeyd edilib ki, qanunun tələblərinə görə avtomobil duracağa aparılmalıdır. Sürücü əvvəl razılığını bildirib, daha sonra avtomobilə əyləşərək qapıları bağlayıb həmin yerdən uzaqlaşmağa çalışıb. Bu zaman polis əməkdaşı əlini qapıya atanda ayağı ilə onun əlini sıxır və çəkiliş edib gərginliyi məqsədli şəkildə öz xeyrinə göstərməklə qanuni işini görən polisi nüfuzdan salmağa çalışır. Sürücü aidiyyəti üzrə ərazi polis bölməsinə aparılıb. Nizami Rayon Məhkəməsinin qərarı ilə polisin qanuni tələbinə tabe olmadığı üçün barəsində 10 sutka həbs qərarı çıxarılıb. Daha sonra isə himayəsində azyaşlı uşaq olduğunu əsas tutaraq məhkəmə qərarından apellyasiya şikayəti verib. Cəza növü cərimə ilə dəyişdirilib".

"Polis qanuna tabe olmayan şəxsin özbaşınalığına hüquqi qiymət verərkən çətin anlar yaşana bilər. Lakin hər hansısa çəkiliş və ya digər bu tip videomateriallara görə öz işinə qarşı qətiyyətli münasibətini dəyişməməlidir. Hərə əlinə bir kamera götürüb polisin işinə müdaxilə edib nizam-intizama təsir etməyi düşünürsə, yanılır. Belə əməllərdənsə, qanunların tələbini vaxtında icra edib vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik", - DYP rəsmisi vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə polislə sürücü arasında insidentin görüntüləri yayılıb. Videoda sürücü yol patrul xidmətinin əməkdaşları tərəfindən ona zor tətbiq edildiyini söyləyib. Polis sürücüdən avtomobildən düşməsini, tabesizlik göstərməməsini tələb edib. Daha sonra polis əməkdaşlarından biri əlini avtomobilin pəncərəsindən içəri salıb. Bu zaman sürücü maşının pəncərəsini qaldırıb. Polis əməkdaşının əli isə pəncərədə sıxışıb qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər