Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natavan” klubunda “Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin mətbuat və ictimaiyyət üçün təqdimatı baş tutub.
Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə layihənin müəllifi, Azərbaycan Yazıçılar Birliyinin katibi
Səlim Babullaoğlu açıb.
O, layihə haqqında məlumat verərək Azərbaycan Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi və "Space" televiziyasına təşəkkür edib:
"Layihə sentyabrın 27-dən start götürəcək. "Şuşaya salam" layihəsində 30 ölkədən 36 şair, Azərbaycandan isə 8 şair iştirak edəcək. Hər gün bir əcnəbi şairin şeiri "Space" televiziyasında yayımlanacaq. Layihə noyabrın 9-dək zəfər gününə qədər davam edəcək".
Azərbaycan Yazıçılar Birliyi sədri, xalq yazıçısı Anar Rzayev çıxışında deyib ki, Qarabağ məsələsi hər zaman rəhbərlik etdiyi təşkilatın diqqət mərkəzində olub: "Biz xoşbəxtik ki, Qarabağın azad olunmasını, həqiqətin bərpa edilməsini gördük. Amma bundan sonra da təbliğat işlərini daha intentiv şəkildə davam etdirilməliyik. "Şuşaya salam" layihəsinin ideyası Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğludan gəlib. Biz də bu layihəni dəstəklədik. Eləcə də Mədəniyyət Nazirliyi və "Space" televiziyasından dəstək aldıq. Birlikdə bu layihəni həyata keçirməyə başladıq. Azərbaycanı, Şuşanı və bizim haqq işimizi təbliğ etmək üçün böyük bir layihədir. Bu layihədə xarici ölkələrin şairləri də iştirak edəcəklər".
"Space" televiziyasının rəhbəri Müşfiq Hətəmov qeyd edib ki, Qarabağ mövzusu, Qarabağ həqiqətləri müxtəlif tribunalardan hər zaman qorunub: "Ancaq "Şuşaya salam" çox önəmli layihədir ki, dünyanın əsl ziyalıları həqiqətləri bilirlər və layihəmizə qoşulurlar. Bu, yalnız Azərbaycan Yazıçılar Birliyinin deyil, Azərbaycan dövlətinin uğurlu layihəsidir. Çox gözəl və önəmli hadisədir. Layihənin dünya şairlərinin dili ilə təqdim edilməsi bir daha Şuşa şəhərinin Azərbaycan mədəniyyət paytaxtı olmasını göstərir. Ona görə də Səlim Babullaoğlunun zəhməti yüksək qiymətləndirirəm".
Qeyd edək ki, tədbirdə Çingiz Abdullayev, Rəşad Məcid, Elçin Hüseynbəyli, Sayman Aruz, İlqar Fəhmi, Aydınxan Əbilov, Faiq Balabəyli və Mədəniyyət nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli iştirak ediblər.