24 Sentyabr 2022 15:24
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

Teleqraf.com-un xəbərinə görə, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.

***

13:26

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsverməyə bir qədər əvvəl yekun vurulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

MŞ sədri bildirib ki, artıq səsvermə başa çatıb:

“Bildirmək istəyirəm ki, hazırda Say Komissiyası səslərin sayının hesablanması ilə məşğuldur. Yeni tərkib 1 saat ərzində elan olunacaq”.
Hazırda qurultay nümayəndələri 20 ərzində keçilən yola, eləcə də qarşıda duran vəzifələrə nəzər salır, fikirlərini bölüşürlər.

***

13:10

Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib.

Teleqraf.com xəbər verir ki, toplantıda əvvəlcə Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə təklif olunan dəyişikliklər səsverməyə çıxarılıb.

Daha sonra isə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adının yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılması barədə dəyişiklik qurultay iştirakçılarının müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra hər iki dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

***

11:58

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsvermə başlayıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçıları Muğam Mərkəzindəki kabinəyə keçərək səsvermədə iştirak edirlər.

Səsvermə başa çatandan yaxın müddət sonra səsvermənin nəticələri elan olunacaq.

***

10:40

Azərbaycan Mətbuat Şurasının VIII qurultayında Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.

Teleqraf.com xəbər verir ki, səsvermənin nəticəsinə uyğun olaraq qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək.

3 nəfərdən ibarət Mandat komissiyası da formalaşıb. Həmçinin 7 nəfərdən ibarət Say komissiyasının tərkibi qurultay iştirakçılarının təkidi ilə 9-a çatdırılıb.

***

10:17

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı öz işinə Dövlət Himninin oxunması və şəhid jurnalistlərin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Teleqraf.com xəbər verir ki, daha sonra Mətbuat Şurasının sədrinin birinci müavini Umud Rəhimoğlu Azərbaycan jurnalistlərinin ölkə prezidenti İlham Əliyevə müraciətini səsləndirib.

***

10:09

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, ilk olaraq sədarət, katiblik, say və mandat komissiyalarının yaradılması nəzərdə tutulur.

Bundan sonra qurultayın iş planının təsdiq edilməsi planlaşdırılır.

Qurultayın qrafikinə görə, daha sonra Azərbaycan Mətbuat Şurasının sədrinin hesabatı dinləniləcək. Ardınca, MŞ-nın Nəzarət-Təftiş Komissiyasının sədri hesabat verəcək. Daha sonra qurultay nümayəndələri bir sıra məsələlər üzrə müzakirələr aparacaq.

Qurultayda Mətbuat Şurasına yeni sədr, idarə heyətinə isə yeni üzvlərin seçiləcəyi gözlənilir. 46 namizəddən 23-nün yeni idarə heyətinə üzv seçilməsi planlaşdırılır.

***

09:32

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı üçün qeydiyyat başlayıb.

Teleqraf.com xəbər verir ki, qeydiyyat saat 09.00-dan 10.00-dək aparılacaq. Saat 10.00-da qurultay işinə başlayacaq.

Qurultayda Mətbuat Şurasına yeni sədr, idarə heyətinə isə yeni üzvlərin seçiləcəyi gözlənilir.


Müəllif:

Oxşar xəbərlər