24 Sentyabr 2022 10:00
279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

BDYPİ-dən Teleqraf.com-a daxil olan müraciətdə deyilir:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, sentyabrın 24-dən başlayaraq iki gün ərzində ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında hava şəraitinin güclü külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Sürücülər, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, açıq ərazilərdə sürəti azaltmalı, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalıdırlar.

Nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.

Piyadalar isə havanın küləkli və yağışlı olmasını nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər