26 Sentyabr 2022 12:46
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyada keçidlərindən istifadə etməyən şəxslərə müraciət edib.

Teleqraf.com-un məlumatına görə, İdarənin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı polis polkovnik-leytenantı Mübariz Ağayev bildirilib ki, piyada diqqətsizliyi bir çox hallarda sonradan bərpası mümkün olmayan nəticələrə səbəb olur:

"Piyada təhlükəsizliyinin təmin edilməsi üçün inşa olunmuş yeraltı və ya yerüstü piyada keçidlərinin yaxınlığında piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qeydə alınması, yol hərəkəti prosesində şəxsi məsuliyyət məsələsinin aktuallığını bir daha gündəmə gətirir. Yol hərəkət iştirakçıları içərisində ən az müdafiə olunan piyadalar arasında hələ də öz təhlükəsizliyinə biganə yanaşan, özləri ilə bərabər digər hərəkət iştirakçılarını çıxılmaz vəziyyətə salan şəxslərə hər gün rast gəlirik ki, bu kimi hallar təəssüf ki, bəzən bərpası mümkün olmayan nəticələrə səbəb olur.

Bəzən də paradoksal mənzərə ilə rastlaşırıq. Bir qrup insan hansısa yol sahəsində piyada keçidlərinin olmamasından şikayət etdiyi halda, digər bir ərazidə mövcud piyada keçidlərinin demək olar ki, istifadəsiz qaldığının şahidi oluruq. Bu isə onu deməyə əsas verir ki, piyadaların yol hərəkəti qaydalarına riayət etməsi yalnız hərəkətin təşkili, infrastruktur və digər amillərə deyil, onların şəxsi məsuliyyət hissinə, ictimai davranış vərdişlərinə daha çox bağlıdır.

Qarşıdan payız-qış mövsümünün gəlməsini nəzərə alaraq, bir daha piyadalara səslənirik: Küçə və yolları piyadalar üçün nəzərdə tutulan yerlərdən keçin, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, əlvan geyimlər üstünlük verin, qulaqlıqdan istifadə ətraf aləmlə əlaqəni məhdudlaşdırdığı üçün yolu keçərkən ondan istifadə etməkdən çəkinin, ictimai nəqliyyatı gözləyərkən və ona minib-düşərkən, həmçinin qəflətən avtomobil yoluna çıxmayın, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlayın.

Unutmayın, sizin həyat və sağlamlığınız çox dəyərlidir!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər