“Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov şəhid ailəsi statusuna aid deyil”.
“Sənanın təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil”.
Bu cümlələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin valideynsiz böyüyən və qardaşı son erməni təxribatı zamanı şəhid olmuş Sənan Əhmədovla bağlı yaydığı məlumatda qeyd olunub.
Maraqlıdır, “SOS Uşaq Kəndləri” kimi müəssisələr Azərbaycanda çoxdurmu? Bu müəssisə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə deyilsə, nədir?
Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə Teleqraf.com-a açıqlamasında, suallara Elm və Təhsil Nazirliyinin cavab verməli olduğunu bildirib.
O deyib ki, “SOS Uşaq Kəndləri”nin bir hissəsini beynəlxalq təşkilatlar, digəri hissini isə Elm və Təhsil Nazirliyi maliyyələşdirir: “Valideyn himayəsindən məhrum olmuş uşağın harada olmasından asılı olmayaraq, o, qeydiyyata düşür. Qanunvericiliklə həmin uşaqların evlə təmin olunması qurumların birbaşa borcudur. Yəni ev almaq istər Səbuhi Əhmədovun, istərsə də qardaşı Sənan Əhmədovun haqqıdır, zamanında onlara ev verilməli idi.
Abşeron rayonunda “Məzunlar evi” dövlət uşaq müəssisi var. Buradan valideyn himayəsindən məhrum olmuş uşaqlara evlər verilir. İstərdim ki, aidiyyəti qurumlar zəhmət çəkib bir məsələyə aydınlıq gətirsin. Gedib monitorinq aparsınlar görək, o “Məzunlar evi”ndə yaşayanların hamısı valideyn himayəsindən məhrum olmuş uşaqlardır? Mən cavabımı bilirəm, sualımı aidiyyəti qurumlara yönəldirəm”.
Kəmalə Ağazadə qeyd edib ki, nazirlik mənzili Sənan Əhmədova valideyn himayəsindən məhrum olduğuna görə verir: “Yəni təklif olunan mənzil Sənan qardaşının şəhid olmasına görə deyil. “Məzunlar evi”ndə hamısı standart birotaqlı mənzillərdir. Bu evlər ailə üçün yox, şəxs üçün nəzərdə tutulub. Çünki burada bir şəxsin valideyn himayəsindən məhrum edilməsindən söhbət gedir. Ona görə birotaqlı mənzil ayrılır. Amma artıq alternativ variantlar fikirləşməyin vaxtıdır. Çünki illərdir valideyn himayəsindən məhrum olmuş uşaqlar var ki, onlar gəncdir, ailə qurublar, amma evləri yoxdur. Artıq düşünmək lazımdır ki, bu statusda olan uşaqlı ailələrə bir yox, ikiotaqlı mənzillər verilsin”.