4 Oktyabr 2022 13:54
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Fazil Mustafa da digər həmkarları kimi, Bakıdakı 112 saylı məktəbdə şagirdin öz sinif yoldaşını döyməsi hadisəsinə münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, deputat qeyd edib ki, məktəblərdə mövcud vəziyyətin daha faciəli yön almaması üçün müəllimin səlahiyyətləri, sinfə müdaxilə imkanları artırılmalıdır:

“Məktəbdə zorakılıq səhnəsini ürək ağrısı ilə seyr edirsən. Kimi suçlayasan? Ev, valideyn, məktəb, müəllim, direktor, sinifdəki şagirdlər, nazirlik, döyən, hətta döyülən - hamısının bu şəraitin yaranmasında günah payını tapa bilərsiniz. Ancaq ən əsas olan boşluq müəllim avtoritetinin olmamasıdır. Müəllimi elə sındırıblar ki, uşağa söz deməyə risk etmir. Əsas işi də səhərdən-axşamacan yazı yazmaq, yaxud da sertifikasiyaya hazırlaşmaqdır.

Praktik olaraq hər şagirdə diqqət yetirmək imkanı olmur. Bu cür köntöy şagirdlər, eləcə də məzlum şagirdlər hər məktəbdə var. Ancaq səviyyəli idarəetmə olan məktəblərdə məktəbin təlim-tərbiyə standartlarına hamısı tabe olur. Videonu çəkən, eləcə də aralamağa cəhd etməyənlərin biganəlikləri düşündürücüdür. Bu cür videoları uşaqların üzlərini qapadaraq paylaşmaq zəruri idi. Ancaq mütləq paylaşılmalıdır ki, gerçək vəziyyətin cüzi bir qismi ilə cəmiyyət tanış olsun.

Bəs digər zorakılıqlar barədə aşkarlıq varmı? Cinsi və ya maddi zorakılıqlar, hamiləlik, pedofiliya, narkomaniya faktları da məktəblərimizdə yetərincə qulağımıza çatır. Tədbir-filan görülməsi boş şeydir, müstəqillik dövrümüzdə sanki məqsədyönlü şəkildə təhsilə ancaq pul qazanma yeri kimi baxılmasının yekun tablosudur bu. Burada vəziyyətin daha faciəli yön almaması üçün müəllimin səlahiyyətləri, sinfə müdaxilə imkanları artırılmalıdır. Çünki güclü direktorun olması da hər bir detala nəzarət etməyə yetərli sayılmaz. Müəllim güclü, xarakterli və səlahiyyətli olmalıdır. Başlıcası da sinifə hakim olmalıdır. Ancaq bu səlahiyyət valideynlərdən hədiyyə, pul qoparmaq fürsəti kimi anlaşılmamalıdır”.

Xatırladaq ki, Bakıda yerləşən 112 saylı məktəbdə şagirdin digər şagird tərəfindən döyülməsi faktı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırmaya başlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər