5 Oktyabr 2022 11:06
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış yerli PROSOL şirkətinin təşkilatçılığı ilə “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunmuş konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, “Kiber təhlükəsiz iqtisadiyyatlar: islahatlar, innovativ yanaşmalar və həllər” mövzusunda keçirilən tədbir Azərbaycanda inkişaf etməkdə olan kibertəhlükəsizlik mühitinin daha da dayanıqlı xarakter almasına töhfə vermək məqsədilə təşkil olunub. Həmçinin, konfransın təşkilində məqsəd texnoloji təkmilləşmənin yarada biləcəyi təhdidlər və onlara qarşı mübarizə üsulları barədə məlumat mübadiləsi üçün uğurlu platformanın təmin edilməsi olub.

Tədbirdə Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının məsul vəzifəli şəxsləri, həmçinin Türkiyə, İsrail, ABŞ, Ukrayna, Latviya, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdən olan kiber mütəxəssislər, eləcə də bir sıra tanınmış qlobal və regional şirkətlərin, o cümlədən yerli tərəfdaşların təmsilçiləri iştirak ediblər.

Konfransda 7 fərqli panel üzrə müzakirələr aparılıb. Tədbirdə iştirak edən Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi rəisinin birinci müavini Nicat Əliyev “Dayanıqlı kiber ekosistem üçün daha uğurlu tənzimləmə: kibertəhlükəsizlik sahəsində ən yaxşı beynəlxalq standartlar və çərçivələr ilə effektiv uyğunluğun yaradılması” mövzusunda keçirilən paneldə çıxış edib. Nicat Əliyev çıxışında ekosistemin idarə olunmasında yüksək texnologiyaların tətbiqinin, innovasiya ekosistemlərinin inkişafının əhəmiyyətindən bəhs edib, sualları cavablandırıb.


Müəllif: Teleqraf.com