Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində Milli Aviasiya Akademiyası (MAK) ilə razılaşmaya əsasən MAK-ın “Nəqliyyat texnologiyaları” fakültəsinin IV kurs tələbələri üçün “Qəza-xilasetmə işlərində istifadə olunan xüsusi texniki vasitələr” və “Qəza-xilasetmə işlərində desantlamanın əsasları” fənnləri üzrə təlim-praktiki məşğələ təşkil edilib.
Teleqraf.com xəbər verir ki, məşğələnin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrdə dayanıqlı rabitənin təşkili və bu hadisələr zamanı müvafiq davranış qaydaları barədə tələbələrə müvafiq biliklərin verilməsi olub.
Məşğələ zamanı tələbələrə ilkin taktiki hazırlıq üzrə “Fövqəladə halların təsnifatı” mövzusunda mühazirə deyilib, qəza-xilasetmə işlərinin aparılması zamanı rabitənin təşkili və fövqəladə hal zonasında radiostansiyadan istifadə qaydaları izah edilib. Eyni zamanda, fövqəladə hal zonasında xilasedicilərin fəaliyyət istiqamətləri, zərərçəkmişlərin təxliyə olunması və xilasetmə işləri zamanı təhlükəsizlik qaydalarına dair tələbələr və s. barədə geniş məlumat verilib.
İnteraktiv formada keçirilən məşğələ zamanı tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.