8 Oktyabr 2022 13:00
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) əsas problemlərindən biri media ilə əməkdaşlıq məsələsidir. Əgər ideyalar, icra olunan layihələr oxuculara çatdırılmırsa, problem ictimailəşdirilmirsə, deməli, QHT qarşısına qoyduğu məqsədə də çata bilmir. Mətbuatda işıqlandırılmadan icra olunan layihələri uğurlu hesab etmək olmaz. QHT-media əməkdaşlığını tormozlayan hallar hansılardır? Əməkdaşlığın gücləndirilməsi üçün hansı addımlar atmaq lazımdır? Bu suallara cavab tapmaq üçün QHT və media nümayəndələrinə müraciət etdik.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli hesab edir ki, QHT-media əməkdaşlığındakı problemlər bu günün məsələsi deyil: “Biz agentlik olaraq problemin ağırlığını və aktuallığının fərqindəyik. Məhz bu üzdən 2022-ci il kiçik qrant müsabiqəsində bununla bağlı mövzu salındı. Söhbət ondan gedir ki, biz ictimai maraqların müdafiəçisi olaraq cəmiyyətin diqqətini problemlərin həllinə yönəltməliyik. Yəni biz öz hökumətin qərarlarına təsir etmək gücündə olmalıyıq. Əgər hazırladığımız hesabatlar, apardığımız tədqiqatlar ictimailəşmirsə, cəmiyyətdən dəstək almırsa, hökuməti bu prosesə necə cəlb edə bilərik? Bu başqa məsələdir ki, bizdə ictimai fəallıq azdır, laqeydlik var və s. Amma bütün hallarda ictimaiyyətin imkanlarından yararlanmaqla problemlərin həllinə çalışmalıyıq. İctimai lobbiçiliyin aparılmasında medianın alternativi yoxdur. QHT-lərin media ilə əlaqələrinin düzgün qurulmaması bu gün bir sıra çətinliklər yaradır. Bəzən media sektrorunda belə bir fikir formalaşır ki, sanki QHT-lər bu layihələri özləri üçün həyata keçirirlər. Bu fikirlərin yaranmasında QHT-lərin özlərinin də günahları az deyildir. Qeyri-şəffaflıq, işlərin qeyri-peşəkarlara həvalə edilməsi, formallıq və digər çatışmazlıqlar sonda medianın QHT-yə olan inamını azaldıb”.

Z.İbrahimli qeyd edib ki, Agentlik bu məsələdə boşluqların aradan qaldırılması üçün konkert addımlar atmaqdadır: “2022-ci il kiçik qrant müsabiqəsində media ilə əməkdaşlığın gücləndirilməsinə töhfə verən xüsusi bənd salınıb. Bu bənd üzrə 4 layihə qalib olub ki, həmin layihələr əsasında da maraqlı işlərin görülməsi nəzərdə tutulub”.

Müşahidə Şurasının üzvü Agentliyin QHT-media əməkdaşlığının güclənməsi istiqamətində daha bir addım da atdığını bildirib: “İlk dəfə olaraq Agentlik tərəfindən PR məsələləri ilə bağlı artıq minimum standart müəyyən olunub. Yəni biz tövsiyyə etdik ki, hər hansı QHT öz layihəsi barədə ən azı beş KİV-də məlumat verməlidir. Bu minimumdur, bundan artıq neçə saytda, yaxud qəzetdə dərc edilməsi isə artıq QHT-nin öz işini media ilə necə qurmasından aslı olacaq. Bu onu göstərir ki, biz öz tərəfimizdən o mühiti formalaşdırmağa çalışırıq”.

Sözügedən istiqamətdə reallaşdırılan layihələrin gedişində ortaya çıxacaq təklif və nəticələrin maraqlı olacağını deyən Z.İbrahimli maraqlı bir təklif də səsləndirib: “Şəxsən mən həm keçmişdə aparıcı media qurumlarında çalışan biri, həm də hazırda QHT rəhbəri olaraq bu qənaətdəyəm ki, problemin praktiki həlli yollarından biri hər hansı bir müstəvidə KİV və vətəndaş cəmiyyətini bir araya gəlməsindən keçir. Biz mətbuatda QHT-lərlə işləyən jurnalistlərlə əməkdaşlığı gücləndirməliyik, onları layihələrə cəlb etməliyik. Onları tapmaq elə də çətin deyil. QHT-lərlə işləməkdə maraqlı və həvəsli olan jurnalistlər var”.

“Hürriyyət” saytının redaktoru Vazeh Bəhramoğlu QHT-media əməkdaşlığının vacibliyini vurğulayıb: “Əslində biz QHT-lərin fəaliyyətini nə qədər tənqid etsək də, onlardan incisək də, onların press-relizlərini könülsüz dərc etsək də, tez-tez QHT rəhbərlərinə müraciət etməli oluruq. Siyasi və sosial məsələlərdə müraciət etdiyimiz ekspertlərin əksəriyyəti QHT rəhbərləri, təmsilçiləridir. Bu mənada “Azərbaycanda media-QHT əməkdaşlığı yoxdur” demək, o qədər də düzgün çıxmır. Bu əməkdaşlıq ən müxtəlif formalarda var”.

V.Bəhramoğlu bəzi media qurumlarının QHT-lərə ödənişli xidmət təkliflərinə də münasibət bildirdi: “Əslində, bu çox normaldır. Heç yerdən maliyələşməyən saytlar var ki, ödənişli xidmətlər göstərirlər və bunu açıq deyirlər. Biz bu məsələdə saytları qınaya bilmərir. Hər hansı QHT öz işini düzgün qurmaq istəyirsə ilk növbədə mətbuat, sosial media ilə işləməyi bacarmalıdır. Mənim bildirim qədər reallaşdırılan qrant layihələrində mətbuatda məlumatların işıqlandırılması üçün maliyyə nəzərdə tutulub. Bu məsələdə QHT-lər şəffaf olmalıdır. Onlar əsl jurnalistlərlə müqavilə bağlamalıdırlar. Sizə bir sirrin üstünü açıb. Bəzən QHT-lər keçirdiyi rədbirlər barədə press-reliz hazırlayarkən, həmin tədbirdə edilən çıxışları yazmırlar. QHT Agentliyinə təqdim etdikləri “layihə təklifi”ndəki təsviri hissəni press-relizə köçürüb bizə göndərirlər. Əlbəttə, biz də ona göz atırıq. İlk cümləni oxuyan kimi, onu “delete” edirik. Çünki görürük ki, press-reliz peşəkar journalist tərəfindən hazırlanmayıb. Şablon cümlələr bir yana, “mışdır-müşdür” şəkilçilər göz deşir. QHT rəhbərləri hələ də bilmirlər ki, indi mediada “gəmişdir”, “getmişdir” kimi feillərdən istifadə olunmur. Hələ mən, “bunu 10 gün əvvəlki tarixə qoy”, “ötən aya ver”, “yazını verib linkini mənə göndər” xahişlərini demirəm. Təbii ki, bu cür xahişlər əlavə ödəniş tələblərinə haqq qazandırır”.

V.Bəhramoğluna görə, QHT-lər actual mövzulara müraciət etməlidir ki, jurnalistlər də ona maraq göstərsin: “Azərbaycan həqiqətlərinin Sinqapurda təbliğ edilməsi” kimi mövzularla heç zaman medianın diqqətini cəlb etmək olmaz. Bird aha qeyd edirəm ki, problemin həllinin ən yaxşı yolu jurnalistlərlə müqavilələrin bağlanması, onların layihəyə cəlb olunmasıdır. Əvvəllər xarici donor təşkilatlar jurnalistlər üçün təlimlər, seminarlar keçirərdilər. Hətta buna görə jurnalistlərə ödəniş də olunurdu. Eyni zamanda nəsə öyrənirdik. Amma indi belə təlimlər yoxdur. Təlimlər olanda da jurnalistlər getmək istəmirlər. Jurnalist nə üçün gününün əhəmiyyətli hissəsini təlimdə keçirməlidir? Bəs redaksiyanın tapşırıqlarını kim icra edəcək? Bu baxımda əksər redaksiyalarda müxbirlərə QHT-lərin təlim və tədbirlərinə iştiraka icazə verilmir”.

Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT - media əməkdaşlığının artırılması üzrə təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər