10 Oktyabr 2022 08:05
214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi 44 günlük Vətən müharibəsi qələbəsinin yeniyetmələr arasında təbliğini həyata keçirir.

“Yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində ilk tədbirə Yevlax rayonunda keçmiş məcburi köçkünlərin yaşadığı qəsəbədə fəaliyyət göstərən məktəblərin şagirdləri cəlb edilib. Tədbirə Kəlbəcər rayon 30 saylı və Ağdam rayonu 23 saylı tam orta məktəblərdə təhsil alan 54 nəfər şagird qatılıb.

Tədbirdə çıxış edən “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur: “Layihənin əsas məqsədi Vətən müharibəsi qəhrəmanları ilə orta məktəb şagirdlərinin görüşünü təşkil etmək, zəfər tariximizi orta ümumtəhsil müəssisələrində təbliğ etmək, yeniyetmələrin hərbi xidmətə marağını artırmaqla Vətən müharibəsi qələbəsi haqqında gələcəyimiz olan yeniyetmələri bilgiləndirməkdir. İlk tədbirimizi bu gün Yevlax rayonunda təşkil etmişik.

Qarşıdakı günlərdə Mingəçevir və Abşeron rayonu ərazisində məcburi köçkünlərin təhsil aldığı məktəblərin VII-XI sinif şagirdlərinin iştirakı ilə məlumatlandırma sessiyası keçirilməsi nəzərdə tutulur. Bu gün Vətən Müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzulidən Şuşayadək döyüş yolu keçən Cavid Həsənov sizlərə Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı əməliyyatlarda göstərdikləri qəhrəmanlıqlardan danışacaq. Keçdiyi döyüş yolu ilə bağlı qəhrəmanlıq dastanını qazimizin öz dilindən eşidəcəksiniz. Həmçinin, sonda sizi maraqlandıran suallara qazimizdən cavab ala biləcəksiniz”.

Daha sonra çıxış edən Vətən Müharibəsi qazisi Cavid Həsənov Vətən müharibəsində qəhrəmanlıq göstərən igidlərimizin şücaəti, keçdikləri döyüş yolu ilə bağlı məktəblilərə məlumat verib. Azərbaycanın 30 ilə yaxın işğal altında qalan ərazilərinin cəmi 44 günə necə azad edilməsi barədə danışan Cavid Həsənov qəhrəmanlarımızın həyat yolunun hər kəs üçün örnək olduğunu qeyd edib.

Cavid Həsənov şagirdləri respublikamızdakı hərbi məktəblər, hərb sənətinin üstünlükləri, hərbi məktəblərə qəbul qaydaları barədə bilgiləndirib.

Daha sonra Vətən Müharibəsi qazisi Cavid Həsənov məktəblilərin suallarını cavablandırıb.

Qeyd edək ki, layihənin ikinci mərhələsində şagirdlər arasında Vətən müharibəsi qəhrəmanlarının göstərdikləri şücaət əks olunan “Zəfərə aparan yol” adlı hekayə müsabiqəsi təşkil olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər