"Praqada Avropa Siyasi Birliyinin zirvə görüşü keçirildi. Əsas diqqətçəkən məqam Azərbaycan, Ermənistan, Fransa liderlərinin və Avropa İttifaqı Şurasının Prezidenti arasında görüş oldu. Belə bir görüşün keçirilməsi bu regionun nə dərəcədə əhəmiyyətli olduğunu bir daha göstərdi”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.
O eyni zamanda qeyd edib ki, Azərbaycan olaraq Fransanın vasitəçiliyini normal qarşılayırıq:
“Amma bir tərəfdən Fransa prezidenti vasitəçilik edir, digər tərəfdən onun hökumətinin xarici işlər naziri parlamentdə qərəzli bəyanat verir. Hesab edirəm ki, Fransa mövqeyini dəqiqləşdirməlidir. Məncə, Azərbaycana qarşı böhtanlar yağıdırılması diplomatiyaya və siyasi əxlaqa sığmır”.
Mirzəzadə əlavə edib ki, həmin görüşdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması diplomatiyamızın böyük uğurudur:
“Azərbaycanın Ermənistana təqdim etdiyi beş prinsipdən biri həyata keçirildi. Hesab edirəm ki, Ermənistan digər istiqamətlərdə də addım atılmalıdır”.