Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nəzdindəki Ürək Damar Mərkəzinin işə başlamasından 1 il keçir.
Teleqraf.com-un məlumatına görə, bu münsiabətlə açıqlama verən mərkəzin rəhbəri Fərid Əliyev deyib ki, Ürək Damar Mərkəzi ölkəmizdə ürək xəstəlikləri ilə bağlı müalicəvi prosedurları yerinə yetirən bir mərkəzdir. O, əldə edilmiş uğurlar qismində fəsadlaşma hallarının azalması, xəstələrin məmnuniyyətinin artması, innovativ prosedurların icrası ilə bağlı yeniliklərin olduğunu deyib:
“Ürək Damar Mərkəzində həmçinin həkim-rezidentlərin və tələbələrin praktiki vərdişlərə yiyələnməsi üçün də şərait yaradılıb. Sevindirici haldır ki, həkim- rezidentlər artıq bir çox prosedurları sərbəst şəkildə icra edə bilirlər. Mərkəzdə daha yeni invaziv və noninvaziv prosedurların icrasına start verilib. Mərkəz Avropa Kardiologiya Cəmiyyəti ilə sıx əməkdaşlıq qurmağı bacarıb və beynəlxalq şəbəkənin həm təhsil komitəsi, həm də rəhbər tövsiyə komitəsinə üzv qəbul edilib. Mərkəz əməkdaşlarının məqalələri beynəlxalq tibbi nəşrlərdə və yerli jurnallarda dərc olunub”.
Fərid Əliyevin sözlərinə görə, bir il ərzində mərkəzdə xeyli sayda xəstə stasionar şəraitdə müalicə olunub, xəstələrə transtorasik exokardioqrafiya, EKQ müayinə tətbiq edilib: “Bu müddətdə 29 nəfərdə ürəkdaxili defibrilyator, 1 nəfərdə anadangəlmə ürəkdaxili qüsurların qapalı yolla bağlanması əməliyyatı həyata keçirilib. Gələcəkdə Ürək Damar Mərkəzində kardioreanimasiya şöbəsinin qurulması, 3 ölçülü exokardioqrafiyanın aparılması, 3 ölçülü xəritələmə sisteminin tətbiqi və digər yeniliklər nəzərdə tutulur”.
Naibə QURBANOVA