“Prezident İlham Əliyev 2003-cü ilin 15 oktyabrında keçirilən seçkilərdə xalqın 76 faizdən çoxunun səsini qazandı. 19 il keçib və bu, heç də az müddət deyil. Bu gün İlham Əliyevin elektoral nüfuzu daha da yüksəkdir. Bunu sorğuların nəticələri də göstərir. Yəni bu, istər hazırki reallıqda, istərsə də seçki tarixi baxımından çox nadir haldır. Çünki adətən ən populyar siyasətçi belə seçildikdən sonra tədricən reytinqini itirir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnur Allahverdiyev Prezident İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsinin növbəti ildönümünü şərh edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, adətən prezidentliyə namizəd hansısa problemləri şüar edərək, yaxud xalq narazılığı dalğasında səslərin əksəriyyətini qazamış olur. Ancaq dövlət idarəçiliyinin sərt gerçəklikləri, yaxud problemlərin çözülməsi üçün ehtiyac duyulan alət və resursların çatışmazlığından seçkidə əldə etdiyi nüfuzu tədricən itirməyə başlayır: “Cənab Prezident sonrakı seçkilərdə də seçicilərin mütləq əksəriyyətinin dəstəyini qoruyub saxlamağı bacardı. Bu, həm ona olan xalq rəğbəti ilə, həm də ilk gündən qarşıya qoyulmuş mürəkkəb problemlərin həlli və hədəflərə nail olması ilə əlaqədardır. Biz bu tarixin canlı şahidləriyik, bütün proseslər gözlərimiz önündə cərəyan edib. Bir liderin sosial-iqtisadi çətinliklərin öhdəsindən gəlməsi, ölkəsinə dünyada nüfuz qazandırması, ən əsası 30 illik işğal kimi problemi çözməsi asan deyil və müasir tarixdə az-az qarşılaşılan nüminədir”.
E.Allahverdiyev hesab edir ki, 2003-cü ildə İlham Əliyevin böyük fəqrlə seçkilərdə qalib gəlməsini şərtləndirən vacib amillər var idi. “Təbii ki, xalq Heydər Əliyev siyasi və dövlətçilik kursunun davam etdirilməsini istəyirdi. Məhz Ulu öndərin hakimiyyəti illərində ölkəmiz həm müharibənin dayandırılmasına nail olmuşdu, həm də daxili siyasi xaosa son qoyulmuşdu. Gənc dövlət sabitliyə, inkişaf illərinə qədəm qoymuşdu ki, seçici bu xəttin davam etdirilməsini istəyirdi” – deyən millət vəkilinin fikrincə, bu faktorlarla yanaşı İlham Əliyev özü xalq arasında güclü dəstəyə və böyük hörmətə sahib idi. “Cənab Prezident istər siyasi, istərsə də ictimai fəaliyyəti ilə xalq arasında populyar idi. Yəni bütün bunlar məcmu halda 2003-cü ilin oktyabr seçkilərində öz rolunu oynadı” – deyə E.Allahverdiyev vurğulayıb.
Millət vəkilinin qənaətinə görə, Ermənistanla ilin sonunadək gözlənilən sülh müqaviləsinin imzalanması tədqirində ölkəmizin qarşısında duran ən böyük vəzifə işğaldan azad edilmiş torpaqlarımızın bərpası, əhalinin yurd-yuvasına köçürülməsi olacaq: “Eyni zamanda, bizi Qarabağdakı erməni əhalinin reinteqrasiyası kimi asan olmayan proses gözləyir. Bu əhalinin Azərbaycanda qalıb yaşamaq istəyən hissəsi hüquqi məkanımıza dönməlidir. Ardınca onun sosial-iqtisadi, siyasi proseslərə qatılması baş verməlidir. Bütün bunlar Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə reallığa çevriləcək. Bu gün Azərbaycanın tək regional lider deyil, daha geniş geosiyasi arealda mühüm oyunçuya çevrilməsinin şahidiyik. Ölkəmiz türk dünyasında böyük söz sahibidir, Orta Asiyaya nüfuz edirik, dünyadakı son proseslərin fonunda Avropanın enerji təhlükəsizliyinin təminatı sahəsindəki çəkimiz daha da artır. Bu hədəflərə Prezident İlham Əliyevin hakimiyyəti illərində nail olmuşuq. Ancaq 2003-cü ildə bütün bunları təsəvvür edirdikmi?”