12 Oktyabr 2022 17:57
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın aparıcı KİV-ləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfərini geniş işıqlandırıb.

Teleqraf.com xəbər verir ki, “АКИpress”, “Kabar” informasiya agentlikləri, QTRŞ-nin teleradioyayım korporasiyası, “Veçerniy Bişkek” qəzeti və digər media qurumları səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər, Birinci Dövlətlərarası Şuranın iclası və digər tədbirlər barədə materiallar hazırlayıblar.

Səfər ərəfəsində “Kabar” agentliyi Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevin müsahibəsini dərc edib. Müsahibədə səfir qeyd edir ki, Qırğızıstanla Azərbaycan arasında münasibətlər keyfiyyətcə daha yüksək səviyyəyə yüksəlir, dövlət başçıları arasında danışıqlar isə ölkələrimiz üçün yeni əməkdaşlıq üfüqləri açır.

Qırğızıstan Prezidenti Sadır Japarovun bu il aprelin 19-20-də Bakıya rəsmi səfərini xatırladan səfir xüsusi vurğulayıb ki, bu hadisə iki ölkənin qarşılıqlı münasibətlərini qarşılıqlı fəaliyyətin strateji tərəfdaşlıq kimi daha yüksək səviyyəsinə çıxarıb, dövlət başçıları müvafiq Bəyannamə imzalayıblar. Bundan başqa, Qırğızıstan tərəfinin təklifi ilə hər iki ölkə prezidentlərinin daimi nəzarəti altında dövlət orqanlarının qarşılıqlı fəaliyyətini inkişaf etdirməyə imkan verən nadir mexanizm – dövlət başçılarının Dövlətlərarası Şurasının yaradılması barədə Memorandum imzalanıb.

“Regional və dünya siyasətində artıq çoxdan və uğurla fəaliyyət göstərən Azərbaycan lideri ilə səmimi dostluq münasibətlərinin qurulması şübhəsiz, bizim dövlətimiz üçün olduqca əhəmiyyətli və mühümdür. Buna görə də qardaş dövlətin Prezidentinin birinci dövlət səfərinə belə böyük əhəmiyyət verilir”, - deyə K.Osmonaliyev vurğulayıb.

İnformasiyalarda diqqətə çatdırılır ki, oktyabrın 11-də Bişkekdəki “Ala-Arça” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib. O, 1916-cı il faciəli hadisələri nəticəsində həlak olanların, Stalin repressiyası qurbanlarının abidəsi önünə əklil qoyub, həmçinin dahi Qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsini yad edib.

Sonra Qırğızıstan və Azərbaycan liderləri ikitərəfli danışıqlar aparıb, Birinci Dövlətlərarası Şuranın iclasında iştirak ediblər. Qırğızıstan-Azərbaycan birgə qarşılıqlı fəaliyyətin artırılmasına istiqamətlənən bir sıra sənədlər, xüsusilə Qırğızıstan Respublikasının Nazirlər Kabineti ilə Azərbaycan hökuməti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş imzalanıb.

Fond Qırğızıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və imkanlardan səmərəli istifadə olunmasına kömək məqsədilə təsis edilib. Qırğız KİV-ləri qeyd edirlər ki, Fondun yaradılması investisiya sahəsində əməkdaşlığın fəallaşdırılması və genişləndirilməsinə stimul verəcək. Qırğızıstanla Azərbaycan arasında birgə ikitərəfli investisiya fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dolları təşkil edir. Fondun mənzil-qərargahı Bişkek şəhərində yerləşəcək.

Materiallarda, eyni zamanda, vurğulanır ki, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı olub. Mərasimdə Qırğızıstan və Azərbaycan prezidentləri iştirak ediblər.

Toplaşanlar qarşısında çıxış edən Prezident Sadır Japarov vurğulayıb ki, parkın açılışı iki ölkə arasında dostluq münasibətlərinin və iki qardaş xalqın təkcə siyasi, iqtisadi əməkdaşlıqda deyil, həm də mədəni-humanitar əməkdaşlıqda tarixi əlaqələrinin parlaq nümunəsidir.

Öz növbəsində Prezident İlham Əliyev qeyd edib ki, bu parkın açılışı rəmzi məna daşıyır. O, belə xoş münasibətə görə Azərbaycan xalqı adından minnətdarlıq ifadə edib.

Qırğızıstan KİV-ləri bu gün iki ölkənin liderlərinin iştirakı ilə Bişkekin 20 saylı Məktəb-Gimnaziya təhsil-təlim kompleksinə Heydər Əliyevin adının verilməsi ilə bağlı təntənəli mərasimin keçirilməsini və Qırğızıstan paytaxtında Nizami Gəncəvi adına məktəbin açılmasını da geniş işıqlandırıb.

Qeyd olunub ki, Heydər Əliyevin “Bizim cəmiyyətin gələcək tərəqqisi bu gün bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən çox asılı olacaq” sözlərini xatırladan Sadır Japarov varisliyi qorumasına, yüksək dostluq, həmrəylik və dəstək tellərinə şəxsi bağlılığına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər