Tovuzda yenidoğulan körpənin səhhətində həkim səhlənkarlığı səbəbindən problemlərin yaranması məsələsi araşdırılır.
Teleqraf.com xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, 1992-ci il təvəllüdlü J.Y. 04.09.2022-ci il tarixində Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:
“38-39 həftəlik hamilə olan pasiyent həmin gün qeysəriyyə əməliyyatı ilə çəkisi 3 500 qram, boyu 52 sm olan körpə dünyaya gətirib. Körpə doğularkən fizioloji sarılığı olub. 07.09.2022-ci il tarixində körpənin zəif qidalanması müşahidə edilib. Bu səbəbdən ona damardaxili infuzion müalicə aparılıb. Bundan sonra körpənin qidalanması bərpa olub, vəziyyəti qənaətbəxş olduğu üçün 10.09.2022-ci il tarixində evə buraxılıb.
Ailəsi tərəfindən körpənin səhhətində narahatlıq müşahidə edildiyi üçün bir neçə digər tibb müəssisəsinə müraciət edilib. Sözügedən müəssisələrdə də körpəyə tibbi xidmət göstərilib. Daha sonra 16.09.2022-ci il tarixində K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Cərrahiyyə şöbəsinə yerləşdirilən körpəyə sağ bazu sümük iltihabı (osteomielit) diaqnozu qoyulub. 17.09.2022-ci il tarixində körpə tibb müəssisəsinin Yenidoğulmuşların patologiyası şöbəsinə köçürülüb. Lazımi müayinə və müalicələrdən sonra 05.10.2022-ci il tarixində ambulator müalicə üçün evə buraxılıb. Körpənin yenidən müayinəyə gətirilməsi barədə ailəsinə məlumat verilib”.
“Məsələ TƏBİB rəhbərliyinin nəzarətindədir. Körpənin ailə üzvləri ilə əlaqə saxlanılıb və onlar TƏBİB-ə dəvət edilib. Müvafiq araşdırmalar aparıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”, qurumdan qeyd olunub.