9 Dekabr 2014 20:05
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonu coğrafi quruluşuna, paytaxta yaxın olmasına və burada yaradılan müasir turizm infrastrukturuna görə nəinki isti yay fəslində, hətta qış aylarında da cəlbedicidir.

Rayon mədəniyyət və turizm şöbəsindən Teleqraf.com-a bildiriblər ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ölkəmizdə bir neçə gün davam edəcək bayram tətili Qəbələdə turizmin inkişafına daha da təkan verəcək. Bayram günlərində istirahət etmək üçün Qəbələyə 3 mindən çox yerli və xarici turistin gələcəyi gözlənilir.

Hazırda otel və istirahət mərkəzlərində qonaqların yüksək səviyyədə qarşılanaraq onlara xidmət göstərilməsi üçün hazırlıq işləri görülür. Kanatla dağ gəzintisi, alpinistlik etmək, motorlu xizəklərlə, at və faytonlarla qarlı meşələrə gəzintiyə çıxmaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq, meşələrdə heyvan və quş ovlamaq barədə düşünənlərin arzusu da Qəbələdə gerçəkləşəcək.

Bayram günlərində qonaqların istirahətinin mənalı təşkili üçün “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Karvansaray” və “Qafqaz Sport”, “Qəbələ City” və “Yeddi Gözəl” otellərində, “Qəbələnd” istirahət və əyləncə mərkəzində tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçiriləcək. Yerli və xarici turistlər Qəbələnin zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə də yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Rayon mədəniyyət və turizm şöbəsindən verilən məlumata görə, hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Həmin obyektlərdən 18-i beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 1800 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.


Müəllif:

Oxşar xəbərlər