13 Oktyabr 2022 12:00
292
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyi “Regionlarda talassemiya və qan donorluğu barədə maarifləndirmə” layihəsinin icrasını davam etdirir.

Teleqraf.com xəbər verir ki, layihənin icra planına uyğun olaraq Lənkəran şəhərinə səfər təşkil olunub. Səfər çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU)maarifləndirmə tədbiri keçirilib. Tədbirdə “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyinin sədr müavini Emin Nəbili, LDU-nun Təbiyyat fakültəsinin dekanı Şəmmədov Ramiz, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim hematoloqu İradə Səmədzadə, Mərkəzi Qan Bankının Lənkəran bölməsinin müdiri İlkin Əsədullayev, “Nömrə 1” psixologiya mərkəzinin psixoloqu Nigar Sadıqova iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan universitetin dekanı Ramiz Şəmmədov tələbələrə LDU-da daim sosial layihələrlə bağlı tədbirlərin keçirildiyini bildirdi. Son illər tibb elmi nə qədər inkişaf etsə də, tibb müəssisələri nə ən müasir avadanlıqlarla təmin olunsa da xəstəliklərin artdığını bildiriın R. Şəmmədov tədbirin əhəmiyyəti barədə məlumat verdi.

Daha sonra çıxış edən layihə rəhbəri Nəbili Emin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədinin dövlətin bu sahədə gördüyü işlərə ictimai dəstək məqsədi daşıdığını bildirdi: “Azərbaycan talassemiya xəstəliyi üçün endemik ölkə sayılır.Talassemiya xəstəliyinin yayılmasının qarşısının alınmasının əsas yollarından biri əhalinin bu istiqamətdə maarifləndirilməsidir. Xüsusən gənclər arasında bu xəstəliklər barədə məlumat azlığının olması xəstəliklərin yayılmasına səbəb olur. Belə ki, gələcəkdə nikaha daxil olarkən talassemiyalı xəstə uşağın dünyaya gəlmə riski yaranır. Regionlarda qohum nikahlarının üstünlük təşkil etməsi faktı da təkcə talassemiya deyil digər irsi xəstəliklərin yaranmasına səbəb olur”.

E. Nəbili bu xəstəliklərin yayılmasının qarşısını alınması məqsədilə 2015-ci ildən nikaha daxil olan cütlüklərin tibbi müayinəsinin aparıldığını qeyd etdi.

Çıxış edən hematoloq İradə Səmədzadə da talassemiyanın yayılması, əlamətləri, müalicə üsullarından danışaraq tələbələrə ətarflı məlumat verdi.

MQB-nin Lənkəran bölməsinin müdiri İlkin Əsədullayev qan donorluğu barədə danışdı. Regionda 400-ə yaxın talassemiyalı xəstənin olduğunu bildiriən İ. Əsədullayev onlardan 40 nəfərinin aktiv surətdə transfuziya aldğını diqqətə çatdırdı:

“Çəkisi 50 kq-dan yuxarı, 18-65 yaş arası hər bir sağlam şəxsin qan donoru ola bilər. Əvvəlcə qanın tərkibində hemoqlobinin miqdarı yoxlanılır, sonra həkim müayinəsindən keçilir. Sağlamlığına əmin olduqdan sonra həmin şəxs donorluğa cəlb olunur. Qan alındıqdan sonra həmin kütlə 3 əsas hissəyə- eritrosit kütləsinə, trombosit və plazmaya ayrılır. Bu elementlər isə hər biri müxtəlif xəstəliklərdə istifadə olunur. Bir nəfər qan verən şəxs üç nəfərin həyatını xilas etmiş olur”.

İlkin Əsədullayev daha sonra tələbələri qan donorluğunda aktiv iştiraka səslədi.

Tədbirdə iştirak edən psixoloq Nigar Sadıqova istər talassemiyalı və ya digər xəstələrdə psixoloji baryer olduğunu qeyd etdi. Psixoloq xəstəliklərə üstün gəlmək üçün isə bu baryeri dəf etmək lazım olduğunu bildirdi.

Qeyd edək ki, tədbirdə universitetin 50-dən çox tələbəsi iştirak edirdi. Onlara talassemiya və qan donorluğu barədə məlumatların əks olunduğu bukletlər paylanıldı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər