“Kəlbəcər rayonundan olan məcburi köçkünlərin problemləri ilə əlaqədar olaraq müvafiq qurumlara müraciət etdirəm. Son zamanlar mənə məcburi köçkünlərin çoxsaylı müraciətləri daxil olub. Məcburi köçkünlər bildirirlər ki, məhkəmə qərarı ilə məskunlaşdığı yaşayış yerlərindən çıxarılırlar”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Aqil Məmmədov deyib.
Deputat xatırladıb ki, Prezident İlham Əliyev bu məsələlərlə bağlı zamanında qəti münasibətini ifadə edib:
“Torpaqlarımız işğaldan azad edildikdən sonra bu məsələ yenidən gündəmə gəlib. Məhkəmə qərarı ilə evlə təmin edilmədən məcburi köçkünlər məskunlaşdığı ərazilərdən çıxarılır. Nəzərə almaq lazımdır ki, məcburi köçkünlərin taleyi necə olacaq? Mən anlayıram ki, qaçqınların yaşadığı yerlər özəlləşdirilib. Mənə 10 nəfər müraciət edib. Əgər bunlar evlə təmin edilməyəcəksə, harada yaşayacaqlar? Hesab edirəm ki, bu məsələ nəzərə alınmalıdır. Məhkəmə qərar çıxaranda əlavə qeyd edilməlidir ki, məcburi köçkünlər evlə təmin edildikdən sonra məskunlaşdığı yaşayış yerindən çıxarıla bilər”.