Azərbaycan icması BMT-nin Moldovadakı nümayəndəliyi önündə dinc etiraz aksiyası keçirilib.
Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan aksiyada soydaşlarımız ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi son təxribatlara, rəsmi İrəvanın Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülhün bərqarar olmasına mane olan cəhdlərinə etirazlarını biliriblər.
Azərbaycan və Moldova bayraqlarını dalğalandıran aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarında basdırdığı minaların partlaması nəticəsində mülki şəxslərin həlak olmasına, işğaldan azad edilmiş torpaqlarımızda yeni minalar basdırmaq cəhdlərinə, ölkəmizə və xalqımıza qarşı törətdiyi müharibə cinayətlərinə, o cümlədən İkinci Qarabağ müharibəsi dövründə cəbhə xəttindən və münaqişə zonasından onlarla kilometr uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir, Goranboy və Tərtər kimi şəhərlərinə raket zərbələri endirilməsi nəticəsində mülki şəxslərin, azyaşlı uşaqların və yeniyetmələrin öldürüldüyünə, Edillidə tapılmış kütləvi məzarlıqlara və Xocalı soyqırımına diqqəti cəlb ediblər.